EN

Azər Badamov: Azərbaycan Prezidenti sülh iradəsini diktə edir

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton razılaşmalarına zərbə vurmaq istəyən qüvvələri neytrallaşdıraraq sülh iradəsini diktə edir.

Bu fikri "Far.Az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Zayed Fondunun "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu təltif heç də təsadüfi deyil:

"Bu, dövlət başçımızın prinsipial mövqeyinin, atdığı addımlarının məntiqi davamı və yekunudur. Fond liderlik missiyasını üzərinə götürən, bunu uğurla həyata keçirən, sülhü, əməkdaşlığı təşviq edən insanları təltif edir. Qeyd olunmalıdır ki, dünyada gedən mövcud proseslər fonunda Azərbaycan lideri çətin tapışıqların, mürəkkəb situasiyaların öhdəsindən məharətlə gəlir. Dünyanın bütün istiqamətlərində münaqişə ocaqları alovlanır, müharibələr səngimir. Həm də belə bir reallıqda sülhün əldə edilməsi daha da çətinləşir. Lakin Azərbaycan Prezidenti bunun öhdəsindən məharətlə gəlir".

Deputat əlavə edib ki, dövlət başçısı prosesləri əlaqələndirməkdə, onları müvafiq daxili və beynəlxalq kontekstə salmaqda nümunəvi rol formalaşdırır:

"Prezident İlham Əliyev mübahisələri həll etmək üçün mütləq şəkildə birlikdə çalışmağı problemlərin həllinə kömək etdiyini, sülh quruculuğu yolunda konstruktiv dialoqun qurulmasına gətirib çıxardığını aydın göstərir. Dövlət başçısı bütün tərəfləri vahid ideya ətrafında birləşdirməyi bacarır, ortaq bir məqsədə xidmət etməyin öhdəsindən gəlir. Atılan addımlar az maliyyə və insan resursları ilə daha çox şey əldə etməyin təməlində əməkdaşlığın və konstruktuv yanaşmanın olduğunun sübutudur".

O xatırladıb ki, Azərbaycan müharibədə qalib tərəfdir, həmçinin sülhün də hərəkətverici qüvvəsi və qalibidir:

"Mükafat sülh gündəliyinin beynəlxalq aləm tərəfindən təqdir edilməsinin növbəti təzahürüdür. Dövlət başçımız məqsədə doğru qətiyyətlə addımlayır. Azərbaycan lideri məsələyə nöqtə qoyan Vaşinqton razılaşmalarına zərbə vurmaq istəyən qüvvələri neytrallaşdıraraq, yoldan təmizləyərək sülh iradəsini diktə edir. Azərbaycan münaqişənin həll edilməsində nümunəvi yanaşma ortaya qoyur. Prezident xalqımızı dünyada ləyaqətlə təmsil edir".

Xatırladaq ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.

Chosen
62
far.az

1Sources