Sabah hava şəraitinin soyuq və qarlı olması oyun vaxtının dəyişdirilməsi və ya təxirə salınması ilə bağlı müzakirələrə səbəb olub.
Globalinfo.az məsələ ilə bağlı "Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxlayıb.
Klub rəsmisi oyunun planlaşdırıldığı kimi, 21 yanvar saat 21:45-də başlayacağını bildirib:
"Oyunun saatını dəyişdirmək mümkünsüzdür. Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Hava dəhşətli dərəcədə soyuq olmadığı üçün fors-major hal hesab edilmir. Daha soyuq ölkələrdə belə oyunlar keçirilir. Məsələn, Norveçdə -20 dərəcədə də futbol oynanılır".
A.Hacıyev həmçinin azarkeşlərin komandalarını tək qoymayacağına inandığını qeyd edib:
"Dünənə olan məlumata görə, 24 500 bilet satılıb. Havanın soyuqluğunun stadiona gələn azarkeşlərin sayına təsir edib-etməyəcəyini demək çətindir. Amma oyunun həm azarkeşlərimiz, həm də komandamız üçün vacib olduğunu nəzərə alsaq, inanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaq və gəlib komandamızı dəstəkləyəcəklər".