EN

Alimlər uzunömürlülüyün üç əsas faktorunu müəyyən ediblər

Sidney Universitetinin alimlərinin apardığı araşdırmaya görə, gündə cəmi beş dəqiqə artıq yuxu və iki dəqiqəlik intensiv fiziki aktivlik ömür uzunluğunu artırmağa kömək edə bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri eClinical Medicine jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər Böyük Britaniyanın “Biobank” kohort layihəsində iştirak edən 59 mindən çox şəxsin məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı iştirakçıların yuxu müddəti, gün ərzində orta və yüksək intensivlikli fiziki aktivliyə ayırdıqları vaxt, eləcə də qidalanma vərdişləri nəzərə alınıb. Daha sonra bu göstəricilər səkkizillik müşahidə dövründə ürək-damar xəstəlikləri, xərçəng, diabet, xroniki obstruktiv ağciyər xəstəliyi və demensiyanın inkişafı, eləcə də bu xəstəliklərdən ölüm riski ilə müqayisə edilib.

Müəyyən edilib ki, ən faydalı üç faktorun birgə təsiri aşağıdakı kimidir: gecə 7–8 saat yuxu, gündə 40 dəqiqə aktiv fiziki məşğələ və balanslaşdırılmış qidalanma. Bu həyat tərzinə riayət edən şəxslərin orta hesabla təxminən 10 il daha uzun yaşadığı müşahidə olunub. Həmin qrupda ciddi xroniki xəstəliklərsiz yaşanan ömür müddəti digər iştirakçılarla müqayisədə 10 il daha uzun olub.

Bundan əlavə, tədqiqat müəlliflərinin vurğuladığı kimi, vərdişlərdə edilən kiçik dəyişikliklər belə nəzərəçarpacaq nəticə verib. Gecə yuxusunun cəmi beş dəqiqə artırılması, təxminən iki dəqiqəlik intensiv fiziki aktivlik və qidalanmada cüzi yaxşılaşma (məsələn, daha çox tərəvəz və ya tam taxıllı məhsulların istehlakı) ömür müddətinin təxminən bir il artması ilə əlaqələndirilib.

Araşdırmaçılar bildiriblər ki, əldə olunan nəticələr müşahidə xarakterli məlumatlara əsaslanır və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, nəticələr göstərir ki, həyat tərzində edilən orta səviyyəli dəyişikliklər belə sağlamlıq və uzunömürlülük üzərində əhəmiyyətli təsir göstərə bilər.

// Gülnarə Abasova, Editor.az

Chosen
48
editor.az

1Sources