EN

İranda azərbaycanlılar yoxa çıxdı: Mossad dan sensasion taktika FOTO

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın İranla bağlı yaydığı xəritə müzakirələrə səbəb olub. Belə ki, xəritədə bu ölkədə yaşayan türk əsilli xalqların sayının ciddi şəkildə azaldıldığı, əvəzində fars və kürd əhalinin statistik göstəricilərinin artırıldığı görünür.

“Mossad” yaydığı xəritə nədən xəbər verir? Bu, İranda rejim dəyişməsindən sonra çoxluq təşkil edən azərbaycanlıların növbəti mərhələdə prosesdən kənarda saxlanması məqsədi daşıyır?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, İsrailin İranla bağlı maraqları ziddiyyətli deyil:

“Bu siyasət uzun illərdir ardıcıl şəkildə həyata keçirilir. İsrail mövcud dini-siyasi rejimə qarşı İran daxilində mərkəzi hakimiyyətə etiraz edən etnik və sosial hərəkatlardan təsir aləti kimi istifadə edir. Açıq mənbələrdə dəfələrlə bildirilib ki, xüsusilə kürd qruplar mərkəzi hakimiyyətə qarşı aksiyalar zamanı İsrailin dolayı və ya birbaşa dəstəyindən yararlanıblar. Son etiraz dalğalarında da aksiyaların daha fəal şəkildə məhz kürdlərin yaşadığı bölgələrdə baş verdiyi müşahidə olunub. İğtişaşların daha geniş yayıldığı ərazilər də əsasən etnik azlıqların məskunlaşdığı zonalarla üst-üstə düşüb.

Ümumilikdə Yaxın Şərq coğrafiyasında Təl-Əvivin kürd təşəbbüslərini və kürd hərəkatlarını fəal şəkildə dəstəklədiyi açıq şəkildə görünür. Bu yanaşma İsrailin özünə rəqib hesab etdiyi dövlətlərə qarşı ən effektiv təsir mexanizmlərindən biri kimi qiymətləndirilir. Bununla yanaşı, İsrailin ayrı-ayrı etnik azlıqlara da dəstək verdiyi müşahidə olunur. Nümunə olaraq Suriyada druzları, İranda isə bəlucları göstərmək olar. Bu siyasət vasitəsilə İsrail həm regional səviyyədə siyasi dayaqlar formalaşdırır, həm də mərkəzi hakimiyyətlərin qərarlarına təsir imkanlarını genişləndirir”.

Zaur İbrahimli

Politoloq bildirib ki, “Mossad”ın yaydığı xəritədə türklərlə müqayisədə digər xalqların sayca daha çox göstərilməsi təəccüb doğurmur:

“Azərbaycanlılar və ümumilikdə İran türkləri ölkənin ən böyük etnik qrupunu təşkil edir. Tarixi baxımdan İranın idarəçiliyində həlledici rol oynayıblar. İran tarixində dövlətin ən güclü dövrləri məhz türk siyasi elitasının hakimiyyəti ilə bağlı olub. Aydındır ki, İranda demokratik dəyişikliklər başlasa və respublika idarəçilik prinsipləri tətbiq olunsa, bu proses türklərin siyasi təsirinin artması ilə nəticələnəcək. Belə bir ssenaridə türklər yenidən İranın siyasi elitasında mərkəzi mövqelərini tutacaq və bu, İsrailin İran üzərində təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. O baxımdan sözügedən xəritə real demoqrafik göstəricidən daha çox siyasi və geosiyasi xarakter daşıyır. O, həm müəyyən mesaj və ya şifrə rolunu oynayır, həm də İsrailin İranla bağlı gələcəyə dair baxışını əks etdirir. İran ətrafında genişmiqyaslı geosiyasi proseslərin başladığı və bu proseslərdə İsrailin əsas oyunçulardan biri olduğu görünür. Ona görə də xəritə İsrailin maraqları prizmasından təəccüblü hesab edilə bilməz”.

“Mossad”ın yayımladığı xəritə

Zaur İbrahimlinin sözlərinə görə, tarixi təcrübə müxtəlif dövrlərdə çoxsaylı xəritələrin çəkildiyini, demoqrafik balansların kağız üzərində dəyişdirildiyini göstərir:

“Vaxtilə ABŞ da Yaxın Şərqlə bağlı oxşar yanaşmalar nümayiş etdirib. Buna baxmayaraq, tarixin öz daxili məntiqi və qanunauyğunluqları mövcuddur. İran tarixi dəfələrlə sübut edib ki, türk amilini və Güney Azərbaycan türklərini nəzərə almadan irəli sürülən layihələr dayanıqlı olmur, yalnız müvəqqəti nəticələr verir. Bu baxımdan əsas ssenari kimi tarazlığın yenidən formalaşması və Azərbaycan türklərinin İranın siyasi idarəçiliyində öz ənənəvi mərkəzi mövqelərini bərpa etməsi ehtimalı ön plana çıxır”.

Qeyd edək ki, “Mossad”ın yayımladığı xəritədə türklərin sayı 3 dəfə azaldılıb, farsların sayı 3, kürdlərin sayı isə 2 dəfə artırılıb. Eləcə də digər türk xalqlarının da sayı ən az 2 dəfə azaldılıb.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
globalinfo.az

1Sources