Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Pəri Kərimovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 1.12, 1.13 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.
İttihama görə, 2025-ci il noyabrın 9-da saat 13:00 radələrində Pəri Kərimova yaşadığı Xəzər rayonu ərazisində yerləşən evdə əri, zərərçəkmiş Mayis Kərimovla (adı, soyadı şərtidir) ailə-məişət münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı qadın belin tiyəsi ilə ərinin burun, qol və ayaq nahiyələrinə qəsdən zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə burunun əzilmiş yarası və sağ said nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül dərəcəli sağlamlığa zərərvurmaya aid bədən xəsarətləri yetirilib.
Məhkəmə iclasında Pəri Kərimova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ittihama uyğun ifadə verib. Digər şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma faktı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilib.
Məhkəmə müəyyən edib ki, Pəri Kərimova törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyil və onun hərəkətləri Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilib.
Eyni zamanda məhkəmə iclasında təqsirləndirilən şəxs ərizə ilə çıxış edərək himayəsində iki azyaşlı uşağın olduğunu nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının tətbiq edilməsini, barəsində cinayət təqibinə və böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat materiallarına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdi.
Kamal Məmmədov