Davos İqtisadi Forumunda iştirak etmək üçün yola düşən ABŞ Prezidenti Donald Trampın təyyarəsi texniki nasazlıq səbəbilə ABŞ-a geri dönüb.
Editor.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata əsasən, Trampı daşıyan Air Force One təyyarəsi uçuşdan qısa müddət sonra aşkarlanan “kiçik elektrik nasazlığı” səbəbindən geri qayıdaraq Vaşinqtondakı Joint Base Andrews hərbi hava bazasına eniş edib.
Açıqlamada bildirilib ki, geri dönmə qərarı ehtiyat tədbiri məqsədilə qəbul olunub. ABŞ prezidentinin Davosa səfərini başqa bir təyyarə ilə davam etdirəcəyi qeyd edilib.
Təyyarədə Trampa müşayiət edən jurnalistlər uçuşdan bir müddət sonra işıqların qısa müddətə tamamilə söndüyünü bildiriblər. Sputnik uçuş məlumatlarını təhlil edərək, Air Force One təyyarəsinin Nyu-York üzərindən keçdikdən az sonra geri döndüyünü müəyyən edib.
Donald Tramp uçuşdan əvvəl jurnalistlərə Davos səfərinin maraqlı olacağını desə də, “nələrin baş verəcəyi barədə heç bir fikrinin olmadığını” söyləmişdi.
Qeyd edək ki, ABŞ prezidentinin bu gün Bakı vaxtı ilə saat 16:30-da Davos forumunda çıxış etməsi planlaşdırılır. O, daha sonra dövlət başçılarının toplantısında və iş adamları üçün təşkil olunan rəsmi qəbulda iştirak etməlidir. Trampın növbəti gün isə Qəzza zolağı üzrə Sülh Şurasının yaradılması ilə bağlı sənədin təqdimat mərasimində iştirak etdikdən sonra Vaşinqtona qayıdacağı gözlənilir.
// Gülnarə Abasova, Editor.az