EN

“Qrenlandiyaya hərbi müdaxilə olsa belə, kimsə Amerika ilə savaşa daxil olmayacaq” - AÇIQLAMA

“ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi başlıca mövzuya çevrilib. Hətta Rusiya-Ukrayna müharibəsindən də ön plana keçib və bu məsələdə qətidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Elxan

O bildirib ki, Avropa ölkələrinin hər zaman NATO və Amerikaya ehtiyacları olacaq: “Bəziləri bu addımı NATO-nun çökməsi ilə əlaqələndirsə də düşünürəm ki, bu, belə deyil. Baxmayaraq ki, Avropa bu addımın əleyhinədir. Ancaq Trampa qarşı müəyyən ölkələr irad bildirsə də, sərt mövqe göstərə bilməzlər, çünki söhbət super dövlətdən gedir. Bir dövlət ki başqa dövlətin prezidentini oğurlayır, neftini ələ keçirib satır, belə dövlətə qarşı sərt mövqe nümayiş etdirib nəyə məcbur etmək olar? Fransa, Böyük Britaniya, Almaniya və s. hansı edə bilər? Hər biri Amerikadan dəfələrlə zəif dövlətdir və nə qədər addımdan razı qalmasalar da, Amerika ilə tərəfdaşlığa daim ehtiyacları var. Rusiya-Ukrayna müharibəsi davam edir və Avropa qorxur ki, Rusiya  Ukraynada istədiyini əldə edərsə, başqa ölkələri, o cümlədən Avropa ölkələrini hədəf seçə bilər. Avropa tək qalarsa, onların təhlükəsizlik problemlərini artıra bilər. Ona görə Amerika Qrenlandiyanı hansısa yolla nəzarətə götürsə, bu addım NATO-nu zəiflədəcək, Avropanı narazı salacaq, lakin NATO dağılmayacaq, çünki Rusiya təhlükəsi var”.

 

E.Şahinoğlu qeyd edib ki, Avropa da Trampın bu qərarını həzm etmək məcburiyyətində qalacaq: “Tramp Qrenlandiyanı əks mövqelərə baxmayaraq nəzarətə götürüb Amerikaya qatarsa bu, Rusiya və Çinin mövqeyini gücləndirə bilər. Rusiya deyə bilər ki, Ukraynada apardığım savaşın əleyhinə niyə çıxırsınız, mən də güclüyəm və ətrafımda istədiyim qaydanı yaradıram. Çin də Tayvanı ələ keçirmək istəyinə düşə bilər. Cənubi Qafqaz ölkələrinə də müəyyən təhlükə yarada bilər. Ancaq bu o demək deyil ki, Rusiya və Çin istədiklərini edə bilər, bütün bunlar asan məsələlər deyil və Amerika məhz buna görə super dövlətdir ki, bütün məsələlərə qarışa bilir. Qrenlandiyaya hərbi müdaxilə olsa belə, kimsə Amerika ilə savaşa daxil olmayacaq. Rahatlıqla Amerika ordusu Qrenlandiyaya daxil olacaq, heç bir Avropa dövləti Amerika ilə savaşa girməyəcək. Qrenlandiya ələ keçirildikdən sonra sərt açıqlamalar, bəyanatlar veriləcək, ancaq Amerika ilə birbaşa qarşıdurmaya girməyəcəklər. Bunu Danimarkanın özü belə etməyəcək”.

 

Qeyd: ABŞ Prezidenti Donald Tramp vitse-prezident Djey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancdığı foto yayımlayıb. Foto Trampın “Truth Social” hesabında yerləşdirilib. Fotoda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış bir lövhə də görünür. ABŞ lideri yazıb ki, Amerika tərəfi adanın ilhaqı ideyasından geri çəkilməyəcək.

 

Şəhanə Quliyeva

Tarix: 21 Yanvar 2026, 11:14   
Chosen
56
pravda.az

1Sources