EN

Siyasi etibarlılıq, aydın mövqe və strateji baxış - Rəy

Yazını böyüt
Yazını kiçilt

İlham Əliyevin forumda iştirakı ölkənin həm regional, həm də qlobal miqyasda artan rolunun göstəricisidir”

Məlum olduğu kimi, hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət toplantı - Davos İqtisadi Forumu artıq yanvarın 19-dan öz işinə başlayıb. 4 gün davam edəcək toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və artıq bir sıra şirkət rəhbərləri görüşlər keçirib. Ilk baxışdan diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazı Davosda təmsil edən tək ölkədir. Maraqlıdır ki, nə Gürcüstan, nə də Ermənistan dövlət başçıları Davosda iştirak etmir. Bunun səbəbləri müxtəlif aspektlərdə təhlil olunur: Azərbayanın Davosda iştirakı hansı əhəmiyyət daşıyır və digər Qafqaz ölkələri niyə Davos toplantısına qatılmayıb.

Politoloq Rəşad Bayramov Hafta.az-a bildirib ki, 2026-cı il Dünya İqtisadi Forumunun İsveçrənin Davos şəhərində “Dialoq ruhu” mövzusu altında keçirilməsi beynəlxalq sistemdə artan gərginliklər, geosiyasi parçalanma və qlobal etimadsızlıq fonunda xüsusi əhəmiyyət daşıyır.

Politoloq qeyd edib ki, belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirakı ölkənin həm regional, həm də qlobal miqyasda artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər:

“Azərbaycanın Davos Forumunda təmsil olunması ilk növbədə onun enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional sabitlik sahələrində mühüm aktora çevrilməsi ilə bağlıdır. Xüsusilə Avropanın alternativ enerji mənbələrinə artan ehtiyacı fonunda Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Bununla yanaşı, forumda müzakirə olunan iqtisadi böyümə, süni intellekt və rəqəmsal transformasiya mövzuları Azərbaycanın yeni inkişaf strategiyası ilə uzlaşır. Prezident İlham Əliyevin iştirakı post-münaqişə dövründə ölkənin iqtisadi və siyasi baxışlarını beynəlxalq auditoriyaya çatdırmaq baxımından əhəmiyyətlidir”.

Politoloq hesab edir ki, belə bir mənzərə fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Forumunda iştirak etməməsi təbii olaraq diqqət çəkir. Onun fikrincə, daxili siyasi mübarizə, müxalifətin təzyiqləri və sülh mövzusunun Ermənistan cəmiyyətində yaratdığı ziddiyyətlər Paşinyanı beynəlxalq tribunadan uzaq qalmağa sövq etmiş ola bilər:

"Gürcüstan rəhbərinin Davos Forumuna dəvət edilməməsi isə daha çox ölkənin son dövrlərdə Qərb institutları ilə münasibətlərində yaranan gərginlik fonunda izah olunur. Dünya İqtisadi Forumu təkcə iqtisadi deyil, həm də dəyər əsaslı platforma olduğundan, iştirakçıların siyasi legitimliyi və beynəlxalq mövqeyi mühüm rol oynayır. Görünən odur ki, Gürcüstanın daxili siyasi prosesləri, demokratik institutlarla bağlı tənqidlər və xarici siyasətdə balanssızlıq təəssüratı onun bu cür nüfuzlu tədbirlərdə təmsilçiliyinə mənfi təsir göstərir.. Bu da onu göstərir ki, Davos artıq yalnız iqtisadi göstəricilərə deyil, idarəetmə keyfiyyəti və beynəlxalq etimada da xüsusi önəm verir.

Ümumilikdə, Davos İqtisadi Forumu 2026 bir daha göstərir ki, bu platformada iştirak siyasi etibarlılıq, aydın mövqe və strateji baxış tələb edir".

Tahirə Qafarlı

Chosen
20
hafta.az

1Sources