EN

Bakıda “ağıllı piyada zolaqları” tətbiq edilə bilərmi?

Bakı, 21 yanvar, AZƏRTAC

Bakıda “ağıllı piyada zolaqları”nın tətbiqi üçün ilk növbədə piyada infrastrukturu yaxşılaşdırılmalıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda piyada infrastrukturu davamlı və sistemli deyil.

“Bir çox ərazilərdə səki yalnız müəyyən hissəyə qədər mövcuddur, bəzi yerlərdə isə səki tamamilə zəbt olunub və ya təmir olunmayıb. Bu vəziyyət piyadaların hərəkətini məhdudlaşdırır. Həmçinin inklüzivlik prinsipləri tam nəzərə alınmır: məsələn, yolun bir tərəfində pandus olduğu halda, digər tərəfində pandusun olmaması hərəkət imkanlarını məhdudlaşdırır. Bu problemi bir neçə mərhələdə həll etmək olar. İlkin mərhələdə az maliyyə ilə tez nəticə verən dəqiq həllər tətbiq edilməlidir. Daha sonra isə piyada axınlarını ölçmək üçün ağıllı kameraların istifadəsi genişləndirilməlidir. Bu kameralar gün ərzində küçələr və kəsişmələr üzrə insanların daha çox toplandığı, eləcə də cazibə mərkəzlərinə doğru olan piyada axınlarını müəyyən etməyə imkan verə bilər”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən paytaxtda piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Chosen
131
azertag.az

1Sources