EN

Almaniyada xüsusi təyinatlıya bıçaqla HÜCUM EDİLDİ – FOTO

Münhendə xüsusi təyinatlı bıçaqlanmaqdan son anda xilas olub.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.

Almaniyanın Münhen şəhərində polisin xüsusi təyinatlı dəstəsinin (SEK) döyüşçüsü əməliyyat zamanı bıçaq zərbəsindən yalnız xüsusi qoruyucu zirehli jilet (kolçuqa) sayəsində sağ qalıb.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanları 61 yaşlı kişinin mənzilinə basqın edib.

Əməliyyat zamanı şübhəli şəxs bıçaq çıxararaq xüsusi təyinatlılardan birinə zərbə endirməyə cəhd edib.

Münhen prokurorluğu faktı qəsdən adamöldürməyə cəhd kimi araşdırır.

Hadisənin təfərrüatlarına gəlincə, polis əraziyə yerli sakinlərdən birinin zəngindən sonra gəlib. Həmin şəxs evinin yaxınlığında tapançalı qadın gördüyünü iddia edib.

Əraziyə patrullar, daha sonra isə SEK xüsusi təyinatlıları cəlb olunub. Lakin axtarışlar zamanı heç bir silahlı qadın tapılmayıb.

Bunun əvəzinə polislər bıçaqla silahlanmış zəng edən şəxsin özü ilə qarşılaşıblar. Kişi mənzildə barrikada qurub. İlkin məlumatlara görə, o, ağır psixoloji vəziyyətdə olub.

Uğursuz danışıqlardan sonra xüsusi təyinatlılar mənzilə daxil olmaq qərarına gəliblər.

Məlumata görə, kişi müqavimət göstərib və bıçaqla SEK döyüşçüsünün qoruyucu geyiminə bir neçə zərbə endirib.

Polislər hücum edəni zərərsizləşdirə biliblər. O, baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb, xüsusi təyinatlı isə xəsarət almayıb.

Kişinin bu əməli hansı motivlə törətdiyi hələlik müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
20
interpress.az

1Sources