Bakı, 21 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması və istifadəsi məsələsinə bir daha diqqət çəkməsi milli kimliyimizin əsas gostəricisi olan dilimizin yalnız kommunikativ vasitə deyil, xalqımızın tarixini, dövlətçilik ənənəsini əks etdirən mühüm dövlət atributu kimi qorunması və inkişafına dövlətin dəstəyinin təcəssümüdür. Azərbaycan dilinin dövlət dili statusu cəmiyyətin bütün sahələrində onun prioritet mövqeyini müəyyənləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Fərəh Niftəliyeva deyib. O bildirib ki, Azərbaycan dili milli kimliyin, tarixi yaddaşın və mədəni irsin əsas daşıyıcısıdır. Müasir dövrdə qloballaşma, texnoloji tərəqqi və informasiya cəmiyyətinin formalaşması dilin inkişafına yeni imkanlar yaratmaqla yanaşı, yeni vəzifələr də müəyyənləşdirir. Buna görə də dövlət dilinin ictimai nüfuzu onun düzgün və məqsədyönlü istifadəsi ilə bağlıdır. Azərbaycan dilinin inkişafının əsas şərtlərindən biri ədəbi dil normalarının qorunması və möhkəmləndirilməsidir. Orfoepik, leksik, qrammatik və üslubi normaların ictimai ünsiyyətdə ardıcıl tətbiqi dilin funksional effektivliyini artırmaq üçün əsas vasitələrdən biridir.
Müsahibimizin fikrincə, elmi-texniki tərəqqi ilə bağlı yeni anlayışların meydana çıxması Azərbaycan dilində termin yaradıcılığını aktuallaşdırır. Milli dil resursları əsasında terminlərin formalaşdırılması dilin daxili imkanlarını genişləndirir və alınma sözlərdən asılılığı azaldır.
Onun sözlərinə görə, Azərbaycan dilinin gələcək inkişafının bilavasitə təhsil sistemi ilə bağlılığı ümumi və ali təhsil müəssisələrində nitq mədəniyyətinin praktik əsaslarla tədrisi, şifahi və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin dil hazırlığının təkmilləşdirilməsi dilin davamlı inkişafını təmin edən əsas amillərdir. Bununla yanaşı, rəqəmsal platformalar və sosial media mühitində dilin normativliyinin qorunması xüsusi diqqət tələb edir.
F.Niftəliyeva qeyd edib ki, keyfiyyətli Azərbaycan dilli kontentinin artırılması, jurnalist və kontent yaradıcılarının dil məsuliyyətinin yüksəldilməsi dilin inkişaf perspektivlərini genişləndirir: “Azərbaycan dilinin inkişaf perspektivləri yalnız daxili mühitlə məhdudlaşmır. Xarici ölkələrdə Azərbaycan dili mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, diaspor təşkilatları vasitəsilə dilin təbliği dilin nüfuzunun artmasına xidmət edir. Bu istiqamətdə Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə xarici ölkələrin nüfuzlu universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması milli dilimizin elmi və mədəni məkanda möhkəmləndirilməsinə xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, Alena Əliyevanın ideya müəllifi və rəhbəri olduğu və kafedramızın baş müəllimi Səbinə Əliyevanın rəhbərliyi ilə universitetimizin əməkdaşlarının hazırladığı “Azərbaycan dili” platformasının yaradılması bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab oluna bilər”.
O əlavə edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi, dilə nəzarət mexanizmlərinin tətbiqi və ictimai maarifləndirmə proqramları Azərbaycan dilinin strateji inkişaf perspektivlərini təmin edən əsas vasitələr hesab olunur: “Azərbaycan dilinin inkişaf perspektivləri normativ sabitlik, terminoloji zənginlik, güclü təhsil sistemi, məsuliyyətli media mühiti və davamlı dövlət dil siyasəti ilə bilavasitə bağlıdır. Bu amillərin qarşılıqlı əlaqədə həyata keçirilməsi Azərbaycan dilinin müasir dövrdə funksional imkanlarını genişləndirir və onun milli-mədəni dəyər kimi yaşadılmasını təmin edir. Prezidentin dil məsələsinə münasibəti mediada, təhsil mühitində və gündəlik ünsiyyətdə Azərbaycan dilinə məsuliyyətli yanaşmanı tələb edir. Dilin milli dəyər kimi təqdim olunması onun ictimai nüfuzunun möhkəmlənməsinə və normativ istifadəsinin stimullaşdırılmasına şərait yaradır”.