21 yanvar 2026-cı il tarixində Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun Masallı rayonunun Təzə Alvadı ərazi dairəsinə daxil olan Meşəkənarı kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.
Səyyar görüş-qəbulda Masallı rayon prokuroru, Masallı Rayon Polis Şöbəsinin rəis müavini, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları salamlamış, ilk öncə Təzə Alvadı kəndinin yetirdiyi Milli Qəhrəman Elşad Hüseynovun həyat və döyüş yolundan bəhs etmişdir. Rayon rəhbəri çıxışında kəndin 1950-ci illərdə formalaşdığını, lakin bu ərazidə yaşayışın daha qədim tarixə malik olduğunu qeyd etmiş, 1956-cü ildə kənddə səkkizillik məktəbin fəaliyyətə başladığını vurğulamışdır. Eyni zamanda, Təzə Alvadı kəndinin alimləri, ziyalıları, daxili işlər və xarici işlər orqanlarında çalışmış nüfuzlu şəxsləri barədə məlumat vermişdir.
Daha sonra söz Masallı rayon İcra Hakimiyyətinin sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.
O, çıxışında bildirmişdir ki, Təzə Alvadı kəndinə daxil olan yeni məhəllədə qaz xətti çəkilmiş, kənddaxili yollar qreyderlənmiş, Şəhid Sənan Səlimovun adını daşıyan küçəyə asfalt örtüyü döşənmişdir.
Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və aztəminatlı ailələrə mütəmadi olaraq sosial yardımlar göstərilmişdir.
Ərazi üzrə 8 min metr yol çınqıl örtüyü ilə təmin olunmuş, yollar hamarlanmışdır.
Bundan əlavə, xeyir-şər evi təmir edilmiş, küçələr işıqlandırılmış, qəbiristanlıq və kanalizasiya xətləri təmizlənmişdir. Məişət tullantılarının ərazidən mütəmadi daşınaraq zibil poliqonuna aparılması təmin edilmişdir.
Xeyriyyəçilərin dəstəyi ilə kənd ərazisində şəhidlər abidəsi ucaldılmışdır.
Ələt–Astara yolu üzərində, Alvadı kəndinə keçid hissəsində svetofor quraşdırılmışdır. Mövcud şəhid lövhələri yeniləri ilə əvəz olunmuşdur.
Səyyar görüş-qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmişdir:
Müraciətlərdən birində qəbiristanlıq ərazisində elektrik sayğacının olmaması diqqətə çatdırılmışdır.
Daha sonra Əhmədli kəndində aparılan təmizlik işləri və kəndin inkişafı ilə bağlı görülən tədbirlər barədə fikir səsləndirilmiş, həmin vətəndaş tərəfindən rayon rəhbərliyinə minnətdarlıq edilmişdir.
Növbəti müraciətdə vətəndaş Ələt–Astara yolunun, Alvadı kəndindən keçən hissədə svetoforun quraşdırılmasına görə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova öz minnətdarlığını bildirmişdir.
Digər müraciətlərdən bir qismi yerindəcə həll olunmuş, araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilmişdir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov çıxış edərək qeyd etmişdir ki, təkcə Alvadı kəndi deyil, rayonun bütün yaşayış məntəqələri daim diqqət mərkəzində saxlanılır. Əhalinin işıq, qaz, su, internet kimi xidmətlərlə fasiləsiz təmin olunması, mövcud problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlarla birgə mütəmadi nəzarət həyata keçirilir və bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.