FİFA-nın yığma komandalar üzrə növbəti reytinq cədvəli açıqlanıb.
Yanvar ayı üçün olan reytinqdə Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 127-ci pillədə qərarlaşıb. İspaniyanın zirvədə qərarlaşdığı reytinqdə Argentina ikinci, Fransa üçüncü pillədə yer alıb. Afrika Millətlər Kubokunun finalçısı Mərakeşin ilk ''10-luğ''a daxil olması diqqət çəkib. Bu komanda 3 pillə irəliləyərək 8-ci pilləyə yüksəlib. Bu turnirin son qalibi Seneqal isə 7 pillə irəliləyərək 12-ci pilləyə qalxıb.
Qardaş Türkiyə yığması 25-ci pillədə qərarlaşmaqla ötən aydakı mövqeyini qoruyub. Türkiyənin DÇ-2026-nın pley-offundakı rəqibi Rumıniya 49-cu, finaldakı mümkün rəqiblərindən Slovakiya 44-cü, Kosovo 79-cu pillədə yer alıb.
Yığma səviyyəsindəki növbəti oyunlar yalnız martda keçiriləcək. Bu üzdən FİFA-nın növbəti reytinqi aprelin 1-də açıqlanacaq.