EN

Söyüşə görə dilənçini öldürən şəxs: “İçkili idik, valideyinim barəsində nalayiq ifadələr işlətdi” – QƏTLİN TƏFƏRRÜATI

Ali Məhkəmədə keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Səyavuş Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.


İttihama əsasən, Səyavuş Abbasov onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdə təqsirləndirilib.


Belə ki, o, 2023-cü ildə paytaxtın Nəsimi rayonunda yaşadığı ünvanın yaxınlığında yerləşən marketdən alış-veriş edərək çıxarkən, həmin obyektin yanında dilənçilik edən, keçmiş məhkum, əvvəllər tanıdığı zərərçəkmiş Araz Həsənov ona yaxınlaşıb ac olduğunu bildirərək yemək almasını xahiş edib. Sağ aşağı ətrafı budun yuxarı 1/3 hissəsindən amputasiya olunduğuna görə qoltuqaltı əsa ilə hərəkət edən zərərçəkmiş şəxsi o, yaşadığı ünvana dəvət edib.


Həmin gün saat 12 radələrində mənzildə birlikdə yemək yeyib spirtli içki qəbul edərkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Araz Səyavuşun valideyni barəsində nalayiq ifadələr işlədib. Bu səbəbdən Səyavuş onu öldürməklə qisas almaq niyyəti ilə mətbəxə gedib, oradan bıçaq götürüb.


İttihamda göstərilib ki, həmin vaxt Səyavuş sərbəst hərəkət etmək və müqavimət göstərmək imkanı olmayan Arazın sinə nahiyəsindən qəsdən bıçaq zərbəsi vurub. Nəticədə döş qəfəsinin sol yarısının ön səthindən daxilə nüfuz edən, ürəyin sol qulaqcığının, sol mədəciyinin, ağciyər arteriyasının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilib və zərərçəkmiş şəxsin ölümü ilə birbaşa səbəbli əlaqədə olub. Bununla da məhkum onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən həyatdan məhrum edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səyavuş Abbasov Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Səyavuş Abbasovun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunmasını və həmin maddənin sanksiyası həddində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bununla belə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən dəyişdirilib, Səyavuş Abbasovun CM-nin 120.2.9-cu maddəsi ilə təyin edilmiş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilədək azaldılıb, hökmün qalan hissələri isə dəyişdirilmədən saxlanılıb.


Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilib. Kassasiya şikayətində Səyavuş Abbasov cəza təyin edilərkən yüngülləşdirici halların nəzərə alınmadığını bildirib. O, əməlindən səmimi peşman olduğunu, cinayəti içkili vəziyyətdə törətdiyini, zəhmətkeş insan kimi müsbət xarakterizə edildiyini, səhhətində yüksək təzyiq probleminin olduğunu və müharibə iştirakçısı olmasını əsas gətirərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmayıb. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən isə kassasiya şikayəti verilməyib.

Kassasiya icraatı zamanı keçirilən məhkəmə iclasında məhkum və onun müdafiəçisi çıxış edərək kassasiya şikayətini müdafiə edib və onun təmin olunmasını xahiş ediblər. Dövlət ittihamçısı isə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edib.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2026, 09:09   
Chosen
79
1
pravda.az

2Sources