EN

Tənhalıqdan qurtuluş

Orxan Pamukun “Qara kitab” romanı haqqında

əvvəli ötən saylarımızda

Bu yanaşma Cəlal Salikin köşə yazılarında da özünü göstərir. Məsələn, “Şəms Təbrizini kim öldürüb?” adlı fəsildə Qalib Cəlalın çap olunmamış bir araşdırmasını gözdən keçirir. Araşdırmasıyla Cəlal bu nəticəyə gəlir ki, Mövlananın “Məsnəvi” silsiləsindəki hekayətlər başdan-ayağa ədəbi plagiatdır: bəzisi “Min bir gecə”dən, bəzisi “Kəlilə və Dimnə”dən, bəzisi “Məntiqüt-teyr”dən, bəzisi də “Leyli və Məcnun”dan oğurlanıb...

Əlbəttə, bütün sufi şairlərin yaradıcılığında belə faktlara rast gələ bilərik, ancaq Şərqdə nədənsə bu cür hallara görə heç kimi oğru tutmayıblar, çünki sufi ədəbiyyatı miniatür sənəti kimi bir növ kollektiv əməkdir, sufilərin sayəsində mistik məzmunlu neçə-neçə bəlli süjet əsrlər boyu əldən-ələ gəzib, dildən-dilə dolaşıb. Həm sufi ədəbiyyatında, həm də miniatür sənətində filan əsərə kimin qələm çaldığı əsas deyil, əsas odur ki, əsər ortada olsun, mesaj insanlara çatsın. Cəlal Salik eynən müəllifin özü kimi bu məsələlərə Qərb insanının gözüylə baxdığına görə belə bir orientalist nəticə çıxarır. Halbuki elə həmin müəllif “Mənim adım qırmızı” romanında fərdiyyətçiliyə, ayrıcalığa önəm verməyən, dünyanı Allahın gördüyütək təsvir eləyən Şərq miniatür sənətiylə individuallığı qabardan, fərdi kontekstindən ayıran Avropa portret rəssamlığının fərqini, bu iki sənət növünün intriqasını yüksək bədii-fəlsəfi səviyyədə şərh eləyib.

Cəlal Salikin (yəni elə müəllifin) avropasayağı orientalist baxışı bir də onda özünü göstərir ki, Mövlana ilə Şəmsin (eləcə də ondan sonrakı könül dostlarının) münasibətində şübhəli məqamlar, cinsi-fizioloji təfərrüat axtarır, bununla da faktiki olaraq ruhun varlığına, könül dostluğuna, Sokratla Platondan üzübəri olmuş-keçmiş ustad-şagird bağlılığına, bizə bəlli tarixdə Nizamiylə Xaqanidən (onlar həyatda bircə dəfə görüşüblər) tutmuş Tolstoyla Dostoyevskiyə (eyni dövrdə yaşasalar da, heç görüşməyiblər) qədər neçə-neçə örnəyinə rast gəldiyimiz saf, qüdrətli kişi məhəbbətinə skeptik yanaşdığını göstərir. Adını çəkdiyimiz fəsildə belə bir cümlə də var: “Mövlanada Cəlalı ən çox ilgiləndirən şey həyatının bəzi dönəmlərində bəzi kişilərlə qurduğu “cinsi və mistik” yaxınlıqlarla bunların hekayələrinə də yansıyan əsrarı ve sonuclarıydı”.

Üstəlik, Cəlal Şəmsin ölümündə Mövlananın maraqlı olduğuna dair “dəlilləri” də bir detektiv hərisliyi ilə tarixin tozlu arxivlərindən eşib çıxarır, jurnalistikanın sensasiya yaratmaq, tozanaq qoparmaq həvəsinin bəhrələrini tarixi gerçəklər kimi qələmə verir. Anlayıram ki, postmodern ironiyanın, romanın yazıldığı illərdə yeni-yeni moda mindirilən ədəbi kinayəbazlığın, klassik irsə münasibətdə total nihilizmin borcunu verib dəblə ayaqlaşmaq üçün, oxucunu öz heyrətiylə əyləndirmək üçün müəllif belə-belə hoqqalara, standartdan kənar yanaşmalara, qurşaqdan aşağı yozumlara ehtiyac duyub. Ancaq bir daha vurğulamağı özümə borc bilirəm: əlbəttə, təsəvvüf əhlinin də arasında yolunu azan, tapındığı həqiqəti yanlış yozub, təhrifə uğradıb gözdən salan yetərincə nadürüst, bədəməl, sapqın olub, fəqət insanı Tanrı ucalığına qaldıran sufi poeziyasının müqəddəs duyğularla süslənmiş kitabını, Füzuli demiş, ürəyinin damarlarıyla şirazələyən Şərq adamı heç vaxt belə düşünməz...

***

“Qara kitab”ın fəlsəfi-estetik bazası Əttarın, Mövlananın, Nəsiminin, Qalibin poetikası - bu dörd möhkəm sütun üstündə sahmanlanıb. Bunlardan Nizamiylə aşağı-yuxarı eyni dövrdə yaşamış mistik fars şairi Fəridəddin Əttarı, onun “Məntiqüt-teyr” poemasını xüsusi vurğulamaq lazımdır. Əttarın poeması kimi Pamukun romanı da ezoterik rəmzlərlə, mistik işarələrlə zəngindir. Qəhrəmanların adı da simvolikdir: Röyanın isminə toxunduq, məsələ burasındadır ki, onun romanda ancaq elə adı, xatirəsi var, bəlkə də heç belə adam olmayıb, onu Qalib öz xəyalından doğub; Cəlal Salikin ismi on üçüncü yüzilliyin ən böyük sufi şairi, Əttarı özünün ustadı saymış Mövlana Cəlaləddin Rumidən gəlir, təxəllüsünün mənası isə mistik yolun yolçusu deməkdir; əsərin qəhrəmanı Qalib on səkkizinci əsrdə yaşamış osmanlı ürfan şairi, mövləvi ordeninin üzvü, Mövlananın ardıcılı Şeyx Qalibin iki yüz il sonra İstanbulda yenidən peyda olmuş təcəllasıdır. Şeyx Qalib Mövlanaya necə ustad kimi baxırsa, advokat Qalib də əmisi oğlu Cəlala eləcə heyranlıqla pərəstiş eləyir.

Əttarın poemasıyla yanaşı, Orxan Pamuk romanda Mövlananın “Məsnəvi”sindən, Şeyx Qalibin “Hüsnü-eşq” mənzuməsindən də çox bəhrələnib. Qismət Rüstəmov bir az əvvəl xatırlatdığım müsahibəsində bütün bunlar barəsində belə deyir:

“Pamuk “Məsnəvi”dən həm motiv, həm forma mənasında bəhrələnib. Bəli, romanda bir-birinin içindən çıxan əhvalatlar var. “Məsnəvi”nin də, “Min bir gecə” nağıllarının da quruluşu matryoşkanı xatırladır. Əhvalat içindən əhvalat doğulur və bu, elə bil sonsuzluq effekti yaradır. Bütün romanlarında olduğu kimi bu əsərdə də Orxan Pamuk məkan və personajların adlarıyla da çoxqatlılıq yaradır: Cəlal - Cəlaləddin Rumi adının qısaltmasıdır. Romanın bir yerində Cəlal Mövlana haqqında elə danışır, elə bil özü haqqında danışır. Deyim ki, romanda Əttarın “Məntiqüt-teyr” əsəriylə də paralellik var, bu haqda çox yazılıb. Əttarın əsərində minlərlə quş Qaf dağına yola düşür ki, quşlar şahı Simurq quşunu tapsın. Bu səyahətin sonuna quşlardan yalnız otuzu salamat çatır, Simurq da elə farsca “otuz quş” deməkdir. Səfər bitəndə quşlara əyan olur ki, Simurq quşu elə onlar özləriymiş. Bu, Şərqdə çox məşhur motivdir, sonradan Qərb ədəbiyyatında da çox işləndi. Əsas məsələ səyahətin, yolun, prosesin özüdür və yalnız yolu getməyə səbri, dözümü çatanlar fitrətdən içlərində gizli qalanı tapa bilirlər. Koelyonun “Kimyagər” romanını yada salaq. Hə, Əttarın əsərində kimlik axtarışına çıxan quşların səyahəti boyu araya xırda-xırda əhvalatlar, ibrətamiz pritçalar yerləşdirilib. Pamuk da “Min bir gecə”də, “Məsnəvi”də, Əttarın poemasında olan bu strukturu mənimsəyib, ana xətdən kənara çıxan, amma bir növ həm də həmin ana mövzunun kiçik modelləri olan sonsuz sayda peyk-hekayələr yaradıb. Pamuk, məncə, “Min bir gecə”dən iki məsələni əxz eləyib: hekayə içində hekayə yazmağı, bir də maraqlı əhvalat danışmağın (maraqlı yazmağın) ölümdən qurtuluşun, yəni bir növ əbədiyyətin yeganə yolu olmasını...”

davamı növbəti sayımızda

F.UĞURLU

1Sources