EN

İrəvan problemin həllini Bakıda görür: Tarixi fürsətdən yararlanılacaq?

Ermənistanın maliyyə naziri Vahe Ovanisyan deyib ki, Ermənistan Azərbaycandan qaz alacaq.

“Artıq planlaşdırmadığımız, proqnozlaşdırmadığımız və ya hesablamadığımız reallıqlar var. Lakin bu reallıqlar Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Məsələn, Azərbaycandan yanacağın idxalı və təbii ki, müəyyən tranzit haqqında danışırıq. Maye qazla bağlı müəyyən təchizat problemləri səbəbindən qiymətlər artıb və maye qazın Azərbaycan ərazisindən idxalına qərar verilib ki, bu da problemi həll edəcək”, – nazir qeyd edib.

Bu gözlənilən idi. Belə ki, 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunan razılaşmaya əsasən, SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı 22 vaqon ermənistana göndərilməli idi. Dekabrının 18-də ilk ixrac baş tutdu. Düzdür Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterli idi və beynəlxalq bazar qiymətlərinə uyğun satış gerçəkləşmişdi. Lakin bununla belə prosesin ardının gəlməsi gözlənilən idi.

Prinsipcə, İrəvan Bakıdan neft, həmçinin qaz almaq istəyirsə, Bakının buna cavabı neqativ olmayacaq. Bakı və İrəvan arasında sülh gündəliyinin formalaşdığı bir mərhələdə enerji məhsullarının ixracı prosesin gələcəyi və məntiqi yekunu baxımından müsbətdir.

Hər şeydən öncə bu tərəflər arasında birbaşa iqtisadi münasibətlərin yaranması qarşılıqlı etimadın tədricən qurulmasına xidmət edəcək. Çünki enerji kimi strateji bir sahədə əməkdaşlıq, istər-istəməz siyasi dialoqun praktik nəticəsinə müsbət təsir göstərəcək.

Ermənistana qaz və neft satışı Azərbaycan üçün yeni bazar deməkdir. Ermənistanın enerji baxımından məhdud imkanlara malik olması fonunda Azərbaycan üçün sözügedən satış həm iqtisadi gəlir, həm də regionda enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmək imkanıdır. Ermənistan uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib. İndiki mərhələdə Bakının satış şərtləri bu ölkələrdən ciddi şəkildə fərqlənməsə də, gələcəkdə vəziyyətin dəyişməsi istisna deyil. Xüsusilə Ermənistana gələcəkdə satışların daha güzəştli edilməsi həm Bakının Ermənistan bazarındakı yerini möhkəmləndirə, həm yeni layihələrin icrası üçün etimad yarada bilər.

Lakin ən önəmli məqam bu alış asılılıq elementini artırır. Enerji təhlükəsizliyi müasir siyasətdə əsas rıçaqlardan biridir. Ermənistanın Azərbaycandan neft qaz alması gələcəkdə siyasi qərarlarında daha ölçülü davranmasına təsir göstərə bilər. Bu mənada proses Azərbaycanın əlində əlavə təsir mexanizmi yarada bilər.

Politoloq Turan Rzayev

Chosen
327
50
nocomment.az

10Sources