Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm AMEA-nın 80 illik yubiley tədbirdəki çıxışında, həm də yerli telekanallara müsahibəsi zamanı dillə bağlı səsləndirdiyi çağırışlara cəmiyyətin bütün üzvləri tərəfindən töhfə verilməlidir. Dilə bu cür yanaşma bizim yol xəritəmizdir. Ana dilinin saflığının qorunması və onun inkişaf etdirilməsi üçün dövlət tərəfindən mütamadi olaraq hərtərəfli qayğı göstərilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, “Azərbaycan dili” platformasının koordinatoru Səbinə Əliyeva deyib: “Dilimiz bizim milli sərvətimizdir. Bu baxımdan dilin qorunması və inkişafına həssaslıq yalnız dövlət başçısı tərəfindən deyil, yaşından və ixtisasından asılı olmayaraq, bütün vətəndaşlarımız tərəfindən nümayiş etdirilməlidir. Bu məsuliyyət cəmiyyətin bütün üzvlərinin üzərinə düşür. Bu sahədə göstərilən səhlənkarlıq gələcəkdə problemlərə yol aça bilər. Məhz bunu nəzərə alaraq, indi qətiyyətli addımlar atmalı, dilin saflığının qorunmasında həmrəylik göstərməliyik”.
O bildirib ki, ölkə Prezidentinin son müsahibəsi zamanı və daha əvvəllərdə dillə bağlı toxunduğu mühüm məqamlardan biri də xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin ana dillərini öyrənməsi məsələsidir: “Ana dili dünyanın müxtəlif yerlərində məskunlaşan həmvətənlərimizin daha sıx əlaqə qurmasında müstəsna rol oynayır. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti və qayğısı sayəsində son zamanlar bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə orada yaşayan azərbaycanlı uşaqlara ana dili tədris olunur. Bu məktəblərdən uzaq məsafədə yaşayan uşaqlarımız üçün isə “Ana dili” -Azərbaycan məktəbi tərəfindən Azərbaycan dili onlayn şəkildə tədris olunur. Bu, ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımıza ana dilini tədris edən bir layihədir”.
O qeyd edib ki, bu istiqamətdə həyata keçirilmiş mühüm layihələrdən biri Alena Əliyevanın ideya müəllifliyi və rəhbərliyi ilə hazırlanmış “Azərbaycan dili” platformasıdır: “Bu, Azərbaycan dilinin əcnəbilərə onlayn şəkildə öyrədilməsi ilə bağlı ilk plarformadır. Layihə hazırlanarkən ölkə Prezidentinin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb. Bu platforma vasitəsilə Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi sistemli şəkildə həyata keçirilir. Müasir, interaktiv rəqəmsal resurslar dilin mənimsənilməsi prosesini daha effektiv edir. Platformanın hazırlanmasında “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram nəzərə alınıb (Proqram DİM tərəfindən 2024-cü ildə hazırlanıb). Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi 6 dil səviyyəsi: A1, A2, B1, B2, C1, C2 üzrə təqdim olunur. Bunlardan üçü üzrə materiallar tam hazırdır. Digərləri isə yaxın gələcəkdə təqdim olunacaq. Səviyyələr nəzərə alınmaqla, dinləmə, oxu, danışıq və yazı bacarığı üzrə materiallar hazırlanıb. Eyni zamanda, platformaya bütün səviyyələr üzrə qrammatika, sosiolinqvistika, söz ehtiyatı ilə bağlı kifayət qədər material daxil edilib. Bunların hazırlanmasında müasir tədris standartları və metodika nəzərə alınıb. Platformada hər bir səviyyə üzrə materiallar təqdim olunduqdan sonra istənilən bacarıqla bağlı testlər yerləşdirilib. Platformada əlavə resurslar bölməsi də var. Buraya Kamal Abdullanın dünyanın müxtəlif ölkələrində çap edilmiş “Azərbaycanca danışaq” kitabı və bir sıra faydalı materiallar daxil edilib”.
S.Əliyeva əlavə edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və onun əsasında həyata keçirilən ADSİ imtahanı bu istiqamətdə görülmüş mühüm işlərdən biridir: “Azərbaycan dilinin xarici dil kimi tədrisi ilə əlaqədar son zamanlar bir sıra dərs vəsaitləri də işıq üzü görüb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ingilis dilində hazırlanmış “Azərbaycan dilinin qrammatikası” və xaricdə yaşayan 6-10 yaşlı uşaqlarımız üçün Azərbaycan dili kitabları nəşr olunub.Yaxınlarda isə 4-6 yaşlı uşaqlarımız üçün “Azərbaycan dili” adlı vəsait çap edilib. Adları qeyd olunan layiələrdə ADU əməkdaşları öz töhfələrini verməkdədirlər. Göründüyü kimi, bu sahədə müəyyən addımlar atılıb. Lakin bunlara baxmayaraq, hələ də bu sahədə görüləcək işlər çoxdur”.