EN

FACİƏ: “Səssiz ölüm” yenə canlar aldı – Tək çıxış yolu budur

Bakıda son günlər dəm qazından zəhərlənmə hallarının ardıcıl şəkildə baş verməsi ciddi narahatlıq doğurur. Qısa zaman kəsiyində müxtəlif rayonlarda, o cümlədən Yasamal, Binəqədi, Xəzər rayonlarında azyaşlılar da daxil olmaqla bir neçə nəfərin həyatını itirməsi problemin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir. Hadisələrin demək olar ki, hamısının hamam otaqlarında qeydə alınması isə təhlükənin mənbəyini və miqyasını açıq şəkildə ortaya qoyur.

Nüsrət Qasımov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan təhlükəsizlik məsələləri üzrə mütəxəssis,  «Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov sözlərinə görə, dəm qazından zəhərlənmələrin artmasının əsas səbəbi fərdi yaşayış evlərində və köhnə binalarda istifadə olunan qaz avadanlıqlarının texniki tələblərə cavab verməməsidir.

O bildirib ki, illərdir dəyişdirilməyən su qızdırıcıları, düzgün quraşdırılmayan kombi və “kolonka”lar, eləcə də bacaların tutulması ölümcül risk yaradır.

Qasımovun fikrincə, xüsusilə qış aylarında pəncərələrin tam kip bağlanması, havalandırma kanallarının işləməməsi dəm qazının otaqda toplanmasına səbəb olur və bu, bir neçə dəqiqə ərzində faciə ilə nəticələnə bilir:

“Problemin bu qədər kəskinləşməsinin digər mühüm səbəbi nəzarət və maarifləndirmə mexanizmlərinin zəifliyidir. Qaz təsərrüfatına cavabdeh qurumlar əsasən qəza baş verdikdən sonra reaksiya verir, qabaqlayıcı tədbirlər isə ya formal xarakter daşıyır, ya da ümumiyyətlə aparılmır. Bir çox evdə qaz avadanlıqları özbaşına quraşdırılır, sertifikatsız ustalara müraciət edilir, lakin buna görə real məsuliyyət mexanizmi işə salınmır”.

Nüsrət Qasımov hesab edir ki, dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün əməli tədbirlər kağız üzərində deyil, real icra səviyyəsində həyata keçirilməlidir:

“Bütün yaşayış evlərində məcburi qaydada dəm qazı detektorlarının quraşdırılması, hamam otaqlarında qazla işləyən avadanlıqların istifadəsinin mərhələli şəkildə məhdudlaşdırılması, bacaların və ventilyasiya xətlərinin mütəmadi yoxlanılması vacibdir”.

Ekspert eyni zamanda əhalinin, xüsusilə valideynlərin bu risklər barədə davamlı şəkildə məlumatlandırılmasının həyati əhəmiyyət daşıdığını bildirib:

“Hər il eyni səbəbdən onlarla insanın həyatını itirməsi göstərir ki, problem təkcə texniki deyil, idarəetmə və məsuliyyət problemidir. Effektiv nəzarət, sərt cərimələr və real profilaktik tədbirlər olmadan bu cür faciələrin qarşısını almaq mümkün deyil. Son hadisələr bir daha sübut edir ki, dəm qazı təhlükəsi ilə mübarizə təxirə salınmamalı, insan həyatını qorumaq üçün dərhal ciddi addımlar atılmalıdır”.

Chosen
29
nocomment.az

1Sources