EN

Zəngəzur dəhlizi: Ermənistanın suverenlik narahatlığı daxili auditoriyaya mesajdır - ÖZƏL

"Ümumiyyətlə, Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı suverenlik sahəsində səsləndirilən narahat bəyanatlar daha çox daxili auditoriyaya hesablanmış çıxışlardır. Çünki Azərbaycanın Zəngəzur dəhlizi layihəsi çərçivəsində Ermənistanın suverenliyinə xələl gətirmək kimi heç bir niyyəti yoxdur. Ermənistanın suverenliyi məsələsinin bu mövzuda hər hansı formada gündəmə gətirilməsi Azərbaycan üçün maraqlı deyil. Bizim üçün əsas məsələ dəhlizin açılmasıdır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, Zəngəzur dəhlizində Ermənistanın suverenliyinin vacib prinsiplərdən biri kimi nəzərə alınması 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənəddə də açıq şəkildə əksini tapıb. Bundan əlavə, bu ilin yanvar ayının əvvəlində Vaşinqtonda "Tramp marşrutu"nun icra çərçivəsi ilə bağlı imzalanmış Ermənistan-ABŞ sazişində də suverenlik mühüm şərt kimi vurğulanır. Belə təminatların mövcud olduğu bir şəraitdə Ermənistanın dəhlizin açılacağı təqdirdə suverenliyinin pozulacağından narahat olmasının heç bir əsaslı səbəbi yoxdur.

İkinci məqam ondan ibarətdir ki, bu mövzu Ermənistan hakimiyyətinin daxili auditoriyaya hesablanmış taktiki yanaşmasıdır. Hakimiyyət müəyyən revanşist qüvvələrin fəaliyyətini zəiflətmək və onların arqumentlərini neytrallaşdırmaq məqsədilə vaxtaşırı suverenlik anlayışını gündəmə gətirir. Bununla da, xüsusilə Ermənistanda Rusiyaya yönümlü revanşist qüvvələrin təsir imkanlarını məhdudlaşdırmağa çalışır.

Məlumdur ki, Rusiyaya yönümlü Ermənistan müxalifətinin əsas arqumentlərindən biri məhz Zəngəzur dəhlizi çərçivəsində Ermənistanın suverenliyinin guya pozulması iddiasıdır. Bu müxalifət partiyalarının həmin arqumentləri və yanaşmaları böyük ölçüdə Moskvadan aldıqları tövsiyələrə əsaslanır. Paşinyan hakimiyyətinin komanda üzvləri də Zəngəzur dəhlizi mövzusunda suverenlik anlayışını tez-tez vurğulamaqla, məhz Moskva yönümlü qüvvələrin arqumentlərini sıradan çıxarmağa çalışırlar.

Beləliklə, bu cür bəyanatlar, mahiyyət etibarilə, xarici tərəfdaşlara deyil, əsasən Ermənistanın daxili auditoriyasına hesablanmış siyasi çıxışlar xarakteri daşıyır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
97
olaylar.az

1Sources