Bakı, 22 yanvar, AZƏRTAC
Cənubi Koreya dünyada ilk dəfə süni intellekt (AI) modellərinin təhlükəsiz istifadəsini tənzimləyən kompleks qanunu rəsmi olaraq qəbul edib. Ölkə sürətlə inkişaf edən bu sahə ilə əlaqəli dezinformasiya və digər təhlükəli nəticələrlə mübarizə aparmaq üçün tənzimləyici çərçivə yaradıb.
AZƏRTAC-ın xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın Elm Nazirliyinin məlumatına görə, bu qanun cümə axşamı günü rəsmi olaraq qüvvəyə minib. Süni intellektin inkişafı və onun etibarlılığını təmin etmək üçün çərçivənin yaradılması haqqında sənəd yeni texnologiyalardan istifadəni tənzimləyəcək.
Qanun AI şirkətlərindən və inkişafetdirici firmalardan AI modelləri tərəfindən yaradıla biləcək saxta məzmun və dezinformasiya ilə mübarizədə daha böyük məsuliyyət daşımalarını tələb edir və hökumətə cərimələr tətbiq etmək və ya pozuntuları araşdırmaq səlahiyyəti verir. Xüsusilə, qanun istifadəçilərin gündəlik həyatına və ya təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək məzmun yaratmaq üçün istifadə olunan AI modellərinə, o cümlədən iş müraciətlərində, kredit məsələlərində və tibbi məsləhətləşmələrdə tətbiq edilən texnologiyalara istinad edən “yüksək riskli AI” anlayışını formalaşdırır.
Qanunun pozulması 30 milyon von (20 min 400 dollar) məbləğində cərimə ilə nəticələnə bilər. Eyni zamanda, hökumət özəl sektorun yeni qaydalara uyğunlaşmasına kömək etmək üçün cərimələrin tətbiqi məsələsində birillik güzəşt müddəti tətbiq etməyi planlaşdırır.
Qanunda, həmçinin süni intellekt sənayesinin hökumət tərəfindən təşviqi üzrə tədbirlər də yer alır və elm naziri hər üç ildən bir fəaliyyət planı təqdim etməlidir.