ain.az, Gununsesi portalına istinadən məlumat verir.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Bakı Gəmiqayırma” MMC-yə 5 milyon ABŞ dolları (təxminən 8,5 milyon manat) məbləğində faizsiz borc verib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat AZAL-ın 2025-ci il üzrə maliyyə hesabatında əksini tapıb.
Hesabatdan məlum olur ki, 8 dekabr 2025-cü il tarixində AZAL ilə “Bakı Gəmiqayırma” MMC arasında borc müqaviləsi bağlanıb və borcun 31 yanvar 2028-ci il tarixinədək tam ödənilməsi nəzərdə tutulub. Sənəddə AZAL-ın bu maliyyə yardımını hansı əsaslarla göstərdiyinə dair hər hansı izahat verilmir.
İqtisadçılar bildirir ki, AZAL təsərrüfat hesablı dövlət şirkəti olsa da, borc verəcək bir maliyyə qurumu deyil. Üstəlik, şirkət bəzi xərclərini qarşılamaq üçün dövlət büdcəsindən subsidiya alan müəssisədir. Bu baxımdan, AZAL-ın onunla birbaşa iqtisadi və texniki əlaqəsi olmayan “Bakı Gəmiqayırma” MMC-yə borc verməsi suallar yaradır.
Maliyyə hesabatında qeyd olunur ki, AZAL-ın Maliyyə Nazirliyi qarşısında yaranmış 2,3 milyard manatlıq borcunun ləğv edilməsi mənfəət və zərər hesabatında deyil, birbaşa olaraq kapitalda dəyişikliklər haqqında hesabatda kapital qoyuluşu kimi tanınıb. Bu yanaşma 8 fevral 2024-cü il tarixli Nazirlər Kabinetinin 75 nömrəli Sərəncamı əsasında borc kapitala transfer edilib.
“Bu borcun silinməsi adi maliyyə əməliyyatı və ya geri ödəniş yolu ilə baş verməyib. Proses birbaşa dövlət qərarı və mühasibat uçotu mexanizmləri əsasında həyata keçirilib”, – deyə sənəddə qeyd edilir.
Beləliklə, uzun müddət şirkətin balansında maliyyə öhdəliyi kimi tanınan bu borc” kağız” üzərində silinərək, dövlət tərəfindən AZAL-ın kapital qoyuluşuna yönəldilib.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.