Avropa liderləri ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması planlaşdırılan “Sülh Şurası”na münasibətlərini yenidən nəzərdən keçirməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, “Politico”nun yazdığına görə, ilkin mərhələdə Yaxın Şərqdə vəziyyətin nizamlanması ideyasına müsbət yanaşan Avropa paytaxtlarında indi ciddi şübhələr yaranıb.
Məlumata görə, əsas narahatlıq Şuranın mandatının qeyri-müəyyənliyi ilə bağlıdır. Tənqidçilər bildirirlər ki, təsis sənədində Qəzza sektoru birbaşa qeyd olunmur və quruma qlobal münaqişələrin həlli ilə bağlı həddindən artıq geniş səlahiyyətlər verilir. Bir sıra Avropa ölkələri bunun “Sülh Şurası”nı gələcəkdə BMT-yə alternativ mexanizmə çevirə biləcəyindən ehtiyat edirlər.
Avropa müttəfiqlərini narahat edən əsas məqamlardan biri də Rusiya prezidenti Vladimir Putinin Şuranın işində iştirak üçün dəvət olunmasıdır. Bundan başqa, daimi üzvlüyə iddialı ölkələrdən ən azı 1 milyard dollar məbləğində maliyyə töhfəsi tələb olunması təşəbbüsə siyasi maneə kimi qiymətləndirilir.
Ağ Evə yaxın mövqeyi ilə tanınan liderlər belə ehtiyatlı mövqe nümayiş etdirirlər. İtaliyanın baş naziri Corcia Meloni, yerli KİV-lərin məlumatına görə, Tramp ilə yaxın münasibətlərinə baxmayaraq, Şurada iştirakdan imtina variantını nəzərdən keçirir. Böyük Britaniyanın baş naziri Kir Starmer isə ölkəsinin hələ də “şərtləri öyrəndiyini” bildirib və Putinin, eləcə də Belarus prezidenti Aleksandr Lukaşenkonun mümkün iştirakından narahatlığını ifadə edib.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper jurnalistlərin sualına cavabında deyib ki, London hələlik “Sülh Şurası”na qoşulan ölkələr sırasında olmayacaq. Onun sözlərinə görə, söhbət geniş hüquqi çərçivəni əhatə edən müqavilədən gedir və Böyük Britaniyanın Rusiyanın Ukraynada sülhlə bağlı öhdəliklərə əməl edəcəyinə dair ciddi şübhələri var.
Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında təşəbbüsü açıq şəkildə rədd edib. Paris hesab edir ki, Şuranın nizamnaməsi Qəzza mövzusundan kənara çıxır və bu, BMT-nin nüfuzuna zərbə vura bilər. Almaniya və Avropa Komissiyası isə hələlik yekun qərar verməyib.
Polşanın baş naziri Donald Tusk Avropadakı ümumi tənqidi ovqatı X sosial şəbəkəsində belə ifadə edib: “Bizimlə heç kim oyun oynaya bilməz.”
Qeyd edək ki, daha əvvəl təxminən 35 dünya liderinin ABŞ-ın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nda iştirakı təsdiqlədiyi bildirilmişdi. Financial Times isə yazıb ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti bu quruma qoşulmaqdan imtina edib.
Müşviq Tofiqoğlu
KONKRET.az