EN

Türkiyə-Ermənistan münasibətləri Azərbaycandan asılıdır -ŞƏRH

Prezident İlham Əliyev bildirib ki, regionda davamlı sülh və qlobal töhfələr üçün Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan yaxınlaşmaları paralel şəkildə irəliləyir və hər iki istiqamətdə diplomatik münasibətlərin eyni vaxtda bərqərar olacağına inanır.

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, son zamanlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin yaradılması istiqamətində təmaslar var, mütəmadi olaraq bu istiqamətdə müzakirələr aparılır.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla bağlı atdığı addımları Azərbaycanla koordinasiya edir:

“Ermənistan da çox yaxşı bilir ki, Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə münasibətlərin inkişafı mümkün deyil. Bu, Ermənistan rəsmiləri tərəfindən də etiraf olunur. Yəni, İrəvan üçün həyati əhəmiyyət daşıyan Türkiyə ilə münasibətləri birmənalı olaraq sülh prosesinin inkişafı müəyyən edəcək”.

Əli Zülfüqaroğlu diqqətə çatdırdı ki, sülh prosesinin inkişafı ilə bağlı Azərbaycan həlledici addımlar atıb:

“Azərbaycan prosesi idarə edən əsas aktordur, Ermənistan da bununla hesablaşır. Türkiyə ilə sərhədlərin bağlı qalması Ermənistanın blokadasında həlledici rol oynayır. Bilirsiniz ki, Rusiya bazarları Ermənistan kənd təsərrüfatı məhsullarının ixracı üçün mühüm əhəmiyyət daşıyır. Amma Rusiya bundan siyasi məqsədlər yararlanır, müxtəlif vaxtlarda sərhədləri bağlamaqla Ermənistana təzyiq edə bilir. Ermənistan isə Avropa bazarlarına çıxmağa çalışır. Bunun yeganə yolu Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Yəni, Ermənistan xəstə ideologiyadan əl çəkməli, qonşularla ərazi iddialarından imtina etməli və nromal münasibət qurmalıdır. Yalnız bundan sonra dünyaya açıla bilər. Paşinyan hökuməti də bunu həyata keçirməyə çalışır. Bu baxımdan Türkiyə ilə münasibətlər vacib əhəmiyyət daşıyır və bu da təbii ki, Azərbaycandan asılıdır”.

Nuriyyə NATİQQIZI

Chosen
87
redaktor.az

1Sources