EN

“Sülh Şurası qlobal idarəçilik sistemində islahatlara dair müzakirələrin hissəsi kimi qiymətləndirilə bilər” - Yeganə Hacıyeva

“Davos Dünya İqtisadi Forumunda Donald Tramp bir neçə dəfə qeyd edib ki, bəzən onu “diktator” adlandırırlar və hətta zarafatla razılaşıb. Daha sonra “Bəzən diktator lazımdır” deyərək əlavə edib ki, onun hərəkətləri ideologiyaya yox, məntiqə əsaslanır. Bu ifadə dünyada geniş rezonans doğurdu, çünki “diktator” sözü ABŞ-nin, avtoritar idarəçilik və demokratiya normalarının pozulması ilə assosiasiya olunan və hakimiyyətdən kənarlaşdırmağa çalışdığı liderlər haqqında deyilirdi. Tramp özü də əvvəllər demişdi ki, bu sözü başqaları haqqında işlədərkən məsuliyyətli olmaq lazımdır. İndi isə qlobal miqyasda mövcud risklər, iqtisadi təlatümlər və hərbi münaqişələr fonunda “diktator” anlayışı çox vaxt çətin qərarları cəmiyyətin geniş razılığını və bürokratik maneələri aşaraq, operativ və qətiyyətlə qəbul etməyə hazır olan liderlərə aid edilir. Tramp özü də diktator sözünü hüquqi mənada deyil, çətin vəziyyətlərdə cəld və çevik qərar verə bilən liderlərin obrazında işlədir. Yəni, həmişə olduğu kimi, güclü lider baş verənlər barədə aydın təsəvvürə malik olan, böhran zamanı qətiyyətlə hərəkət edə bilən və ənənəvi diplomatiyanın effektiv olmadığı hallarda nəticə əldə etməyə qadir olan ölkə rəhbəridir. Beynəlxalq normalara görə, onu diktator adlandırmaq olarmı ya yox, bunu əlbətə mübahisə etmək olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyəti üzvü, politoloq Yeganə Hacıyeva deyib.

 

Onun sözlərinə görə, təklif olunan “Sülh Şurası” formatının ilkin hüquqi-siyasi təhlili bu təşəbbüsün mövcud beynəlxalq praktika və müstəqil dövlətlərin konstitusion prinsipləri ilə uyğunluğunun ayrıca və diqqətlə qiymətləndirilməsini zəruri edir: “Xüsusilə, dövlətlərin suverenliyi, bərabərhüquqlu iştirakı və demokratik legitimlik kimi fundamental prinsiplərin bu təşəbbüsdə necə təmin olunacağı aydın mexanizmlərlə izah olunmağa ehtiyac duyur. Mövcud sənədlərdə bu məsələlərə istinad edilsə də, onların praktik tətbiqi ilə bağlı müəyyən suallar yaranır. Eyni zamanda, Sülh Şurasının institusional dizaynı klassik beynəlxalq təşkilat modelindən fərqli olaraq, daha çevik və mərkəzləşdirilmiş idarəetmə yanaşmasına üstünlük verdiyini göstərir. Açıq mənbələrdə yayımlanmış layihə sənədlərində bəzi mexanizmlər, o cümlədən maliyyə iştirak şərtləri və icra səlahiyyətlərinin genişliyi beynəlxalq praktika ilə müqayisədə qeyri-ənənəvi xarakter daşıyır. Xüsusilə, Şura rəhbərliyinin səlahiyyət dairəsinin geniş olması və iştirakçıların müəyyən edilməsində mərkəzləşdirilmiş mexanizmlərin nəzərdə tutulması bu təşəbbüsün klassik dövlətlərarası bərabərlik modelindən fərqli yanaşma təqdim etdiyini göstərir. Bununla yanaşı, Sülh Şurasının özünü BMT və NATO kimi mövcud beynəlxalq institutlara alternativ və ya onları tamamlayan mexanizm kimi təqdim etməsi, qlobal idarəçilik sistemində islahatlara dair müzakirələrin bir hissəsi kimi də qiymətləndirilə bilər. Layihənin preambulasında “mövcud mexanizmlərin təkmilləşdirilməsi” və “daha çevik yanaşmaların axtarışı” çağırışları da bu kontekstdə izah olunur. Digər mühüm məqam isə Şurada iştirak mexanizmlərinin bəzi ölkələrdə mövcud konstitusion ratifikasiya və parlament nəzarəti prosedurları ilə necə uzlaşdırılacağıdır. Bu sahədə də əlavə hüquqi aydınlığa ehtiyac olduğu görünür. Sülh Şurası təşəbbüsü beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni yanaşma kimi təqdim edilsə də, onun hüquqi legitimliyi, institusional balansı və bərabər iştirak mexanizmləri ilə bağlı məsələlər geniş beynəlxalq müzakirə tələb edir. Bu müzakirələrin nəticəsi isə təşəbbüsün gələcəkdə nə dərəcədə geniş və dayanıqlı beynəlxalq dəstək qazanacağını müəyyən edəcək əsas amillərdən biri olacaq”.

 

Şəhanə Quliyeva

Tarix: 22 Yanvar 2026, 16:02   
Chosen
8
pravda.az

1Sources