Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Ajans.az-a açıqlama verib. Kamran Əsədov bildirib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət tərəfindən qarşılanması qərarı Azərbaycan təhsil siyasətində sosial ədalət, inklüzivlik və bərabər imkanların təmin edilməsi baxımından keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilməlidir. Bu yanaşma yalnız maddi dəstək mexanizmi deyil, eyni zamanda dövlətin insan kapitalına verdiyi strateji önəmin, təhsilin sosial lift kimi roluna inamının və uzunmüddətli inkişaf vizyonunun açıq göstəricisidir. Təhsil xərclərinin ailə büdcəsində yaratdığı yük, xüsusilə sosial baxımdan həssas qruplar üçün ali və peşə təhsilinə çıxışı ciddi şəkildə məhdudlaşdırırdı. Məhz bu reallığı nəzərə alan dövlət, hüquqi mexanizm yaradaraq bu baryeri sistemli şəkildə aradan qaldırmağa qərar verdi. “Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsində birbaşa qeyd olunur ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu müddəa formal xarakter daşımır, real sosial müdafiə alətinə çevrilərək minlərlə gəncin ali, orta ixtisas və peşə təhsilinə çıxışını təmin edir. Qanunun 1.0.32-ci maddəsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən bu kateqoriyaya şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar, I və II qrup əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, məcburi köçkünlər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri daxildir. Bu qruplar sosial risk səviyyəsinə görə təhsildən kənarda qalmaq təhlükəsi ilə üz-üzə qalan təbəqələrdir. Ekspertin sözlərinə görə, son illərin rəsmi məlumatları Azərbaycanda ali təhsil alan tələbələrin təxminən 58–62 faizi ödənişli əsaslarla oxuyur. Bu isə o deməkdir ki, ali təhsil sisteminə daxil olan hər 10 tələbədən təxminən 6-sı ailəsinin maliyyə imkanlarına bağlıdır. Digər tərəfdən, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ünvanlı sosial yardım alan ailələrin aylıq orta gəliri adambaşına 180–220 manat civarındadır. Belə ailələrin övladlarının illik 2 000–4 000 manat civarında olan ali təhsil haqqını ödəməsi faktiki olaraq mümkün deyil. Bu qərar nəticəsində həmin gənclər üçün ali təhsil real əlçatanlığa çevrilir və sosial mənşə ilə təhsil səviyyəsi arasında mövcud olan kəskin fərq tədricən aradan qalxır. “Dövlət büdcəsində təhsilə ayrılan vəsaitin artımı da bu siyasətin sistemli xarakter daşıdığını sübut edir. 2015-ci ildə təhsilə ayrılan vəsait 1,7 milyard manat idisə, 2025-ci ildə bu göstərici 4 milyard manatı ötüb, 2026-cı il üçün isə 5 milyard manata yaxınlaşdırılıb. Bu artım təkcə əməkhaqlarının yüksəldilməsi ilə məhdudlaşmır, eyni zamanda sosial yönümlü təhsil mexanizmlərinin genişləndirilməsinə xidmət edir. Təhsil xərclərinin ÜDM-də payının artması da dövlətin insan kapitalını prioritet elan etdiyini göstərir.”-deyə, o qeyd edib. Bu yanaşma beynəlxalq təcrübə ilə müqayisədə də tam əsaslandırılmışdır. Məsələn, Almaniyada aztəminatlı ailələrdən olan tələbələr üçün BAföG proqramı çərçivəsində həm təhsil haqqı, həm də yaşayış xərcləri dövlət tərəfindən qarşılanır. Fransada sosial həssas qruplara ali təhsil əsasən tam ödənişsizdir və əlavə təqaüd mexanizmləri mövcuddur. Finlandiyada ali təhsil ümumiyyətlə pulsuzdur, üstəlik aztəminatlı ailələrdən olan tələbələr üçün sosial dəstək paketləri tətbiq edilir. Türkiyədə isə şəhid ailələrinin övladları və əlilliyi olan şəxslər ali təhsildə tam ödənişsiz təhsil və yüksək təqaüd imkanları ilə təmin olunur. Azərbaycan bu modellər fonunda öz milli reallıqlarına uyğun sosial ədalət mexanizmi quraraq regional miqyasda mütərəqqi yanaşma ortaya qoyur.
Kamran Əsədov açıqlayıb ki, bu qərarın müsbət tərəfləri çoxşaxəlidir. İlk növbədə təhsilə çıxış imkanlarının genişlənməsi sosial bərabərsizliyi azaldır, regionlar və sosial qruplar arasında təhsil fərqlərinin yumşalmasına səbəb olur. İkincisi, istedadlı, lakin maddi imkanları məhdud olan gənclərin sistemdən kənarda qalmasının qarşısı alınır. Üçüncüsü, insan kapitalının keyfiyyəti yüksəlir, bu isə uzunmüddətli perspektivdə iqtisadi məhsuldarlığın artmasına, işsizlik səviyyəsinin azalmasına və sosial rifahın yüksəlməsinə xidmət edir. Dünya Bankının hesablamalarına görə, ali təhsilli əhalinin payının 1 faiz artması uzunmüddətli dövrdə ÜDM artımına orta hesabla 0,3–0,5 faiz təsir edir. Bu baxımdan, dövlətin təhsilə yatırdığı hər manat gələcəkdə çoxqatlı iqtisadi və sosial dividendlər formalaşdırır. Mənfi tərəflər əsasən icra mexanizmləri ilə bağlı risklərdə cəmləşir. Ən ciddi risk sui-istifadə ehtimalıdır. Sosial statusun süni şəkildə əldə edilməsi, ünvanlı sosial yardım mexanizmlərində mövcud olan boşluqlar, bəzi hallarda qeyri-dəqiq məlumatlandırma sistemi real ehtiyacı olmayan şəxslərin də bu güzəştdən faydalanmasına yol aça bilər. Digər risk isə dövlət büdcəsi üzərində uzunmüddətli maliyyə yükünün artmasıdır. Əgər bu mexanizm paralel olaraq sosial audit, effektiv nəzarət və ehtiyac əsaslı seleksiya ilə müşayiət olunmasa, xərclərin optimallaşdırılması çətinləşə bilər. Lakin düzgün tənzimləmə və rəqəmsal nəzarət mexanizmləri bu riskləri minimuma endirmək gücündədir. Təhsil eksperti deyib ki, bu siyasətin tətbiqi nəticəsində ali və peşə təhsilinə müraciət edən sosial həssas gənclərin sayında əhəmiyyətli artım gözlənilir. Son illərin qəbul statistikası göstərir ki, ödənişli yerlərə qəbul olunan, lakin maddi səbəbdən təhsildən imtina edən abituriyentlərin payı bəzi regionlarda 15–20 faizə çatırdı. Yeni mexanizm bu itkiləri minimuma endirəcək, xüsusilə regionlarda ali təhsilə marağı və iştirak səviyyəsini yüksəldəcək. Bu isə regional inkişaf strategiyasının da mühüm komponentidir. Daha da təkmilləşdirmə istiqamətində əlavə mexanizmlərin tətbiqi zəruridir. Sosial statusun müəyyənləşdirilməsində vahid rəqəmsal platformanın yaradılması, real vaxt rejimində yoxlama mexanizmlərinin tətbiqi, ali təhsil müəssisələri ilə sosial müdafiə qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi bu sistemin şəffaflığını artırar. Paralel olaraq, təhsil haqqı ilə yanaşı, yaşayış və nəqliyyat xərclərinin qismən subsidiyalaşdırılması da sosial effektivliyi daha da yüksəldə bilər. “Hesab edirəm ki, bu qərar Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən humanist, sosial yönümlü və strateji addımlardan biri kimi dəyərləndirilməlidir. Nazirliyin bu sahədə atdığı addımlar təkcə təhsil sektorunu deyil, bütövlükdə cəmiyyətin sosial strukturunu sağlamlaşdırır, yoxsulluğun nəsildən-nəslə ötürülməsinin qarşısını alır və sosial mobilizasiyanı gücləndirir. Dövlətin təhsilə qayğısı yalnız maliyyə ayırmaları ilə deyil, məhz bu tip məqsədyönlü sosial mexanizmlərlə real məzmun qazanır. Bu yanaşma göstərir ki, Azərbaycan dövləti üçün təhsil sadəcə sahə deyil, milli inkişafın əsas dayağı və gələcəyin əsas təminatıdır.” ekspert söyləyib.