Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu rayonundan olan vətəndaşların müraciətlərini dinləyib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən buğda və arpa sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlər yerindəcə həllini tapıb.
Bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qəbuldan sonra Fuad Sadıqov Ağsu rayonunda yerləşən intensiv xurma və şaftalı bağlarına baş çəkib, fermerlərin həyata keçirdiyi hazırlıq işləri ilə tanış olub.