Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Karate Federasiyasının 2025-ci ilin yekunları ilə bağlı hesabat tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev ötən il bütün sahələrdə Azərbaycanın uğurlu olduğunu bildirib: "Bunun başlıca səbəbkarı Prezident İlham Əliyevdir. Dövlət tərəfindən daim idmana qayğı və dəstək göstərilir. Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında karateçilərimiz uğurla çıxış etdilər. Bakının 2026-cı il dünyanın idman paytaxt seçilməsi bir daha ölkəmizin bu sahədə inkişaf etdiyini göstərir. Bu ildə də bütün idmançılarımıza uğurlar arzulayırıq. Biz qalib xalqın nümayəndələriyik. Hər zaman bayrağımızı yüksəklərə qaldırmalıyıq".
Sonra karatedə uğurla fəaliyyət göstərən şəxslər, eləcə də bu idman növünün işıqlandırılmasında yaxından iştirak edən media qurumları mükafatlandırılıb. Mükafatçılar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də olub.