Vitse-prezident ABŞ ilə NATO arasında aparılan müzakirələrin müsbət irəlilədiyini bildirib...
Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qrenlandiya məsələsi ilə bağlı ABŞ ilə NATO arasında aparılan danışıqların uğurla davam etdiyini açıqlayıb. O, bu barədə Ohayo ştatında çıxışı zamanı danışıb.
“Danışıqlar NATO ilə yaxşı gedir. Mən inanıram ki, prezident danışıqlarda nəyəsə nail olmağı qərara alırsa, buna mütləq nail olur”, deyə Vens vurğulayıb.
ABŞ vitse-prezidenti, həmçinin Danimarkanın və NATO-nun digər üzvlərinin bu razılaşmanın həm ABŞ-nin, həm də ümumilikdə dünyanın təhlükəsizliyi üçün əhəmiyyətini qəbul etməli olduqlarını bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyəti Qrenlandiya üzərində nəzarəti məhz ABŞ xalqının müdafiəsi üçün zəruri hesab edir.
Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp Amerikanın milli təhlükəsizliyinin təmin olunması məqsədilə Qrenlandiyanı nəzarətə götürmək niyyətində olduğunu açıqlamışdı. Ada rəhbərliyi və Danimarka ABŞ-yə birləşməyə qarşı çıxmış, bir sıra Avropa İttifaqı ölkələri də onların mövqeyini dəstəkləmişdi.
Yanvarın 22-də Tramp NATO-nun baş katibi Mark Rütte ilə ABŞ-yə Qrenlandiyaya nəzarət imkanı verəcək gələcək sazişlə bağlı razılaşma əldə olunduğunu bildirmişdi. Bununla yanaşı, Reuters agentliyi alyansdakı mənbəyə istinadən yazıb ki, Rütte Tramp ilə Qrenlandiya üzrə kompromisləri müzakirə etməyib.
Axios nəşri isə Qrenlandiya ilə bağlı razılaşma layihəsində suverenliyin ABŞ-yə verilməsi barədə bəndin yer almadığını qeyd edib. Buna baxmayaraq, Donald Tramp hazırda “detallar üzrə danışıqların getdiyini” və söhbətin “vaxt məhdudiyyəti olmadan tam girişdən” getdiyini bəyan edib.
Poliqon.info