EN

Heydər Əliyev-100: Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olmaq üzrədir. Dahi rəhbərin Vətən, xalq və dövlət qarşısında xüsusi xidmətlərindən biri də dünya azərbaycanlılarının həmrəylik və birlik gününün rəsmiləşdirməsi, daha doğrusu ona dövlət bayramı günü statusu qazandırması olub. 1989-cu ilin dekabrında başlanan və 1990-cı ildən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Gününə Heydər Əliyev əsl dövlət statusu qazandırdı.

Çünki Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına 1989-90-cı illərdə imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr  qara yaxmağa başlamışdılar. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu: 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan olunsun və hər il bayram edilsin.

Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.

31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.

Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.

Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Gününə həsr olunmuş elmi konfrans keçirsinlər.

Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın. Beləliklə də, tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmış azərbaycanlıların əsl həmrəylik günü kimi 31 dekabr günü təsis edildi.  

Ulu Öndər tərəfindən müəyyən edilmiş vəzifələrin və xarici siyasətimizin həyata keçirilməsində və milli maraqlarımızın dünya miqyasında təmin olnmasında xaricdə yaşayan azərbaycanlıların və diasporumuzun üzərinə də mühüm vəzifələr düşür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlətçilik fəaliyyətində diaspor işinə daim diqqət yetirmiş, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycan dövlətinin nüfuzunu yüksəltmiş, Azərbaycan xalqının şərəf və ləyaqətini qorumuş, azərbaycanlıları uca tutmağa, onların mənəvi və fiziki qabiliyyətlərini aşkara çıxarmağa, onlara inam və etimad göstərməyə çalışmış, başqalarını da buna təşviq etmişdir. Heydər Əliyev diaspor işini dövlət siyasətinin ən vacib sahələrindən biri olduğunu nəzərə alaraq demişdir: “Azərbaycan dövlətinin vəzifəsi bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərmək, onların həyatı ilə maraqlanmaq və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir”.

O, hakimiyyətdə olduğu dövrlərdə çox cəsarətlə və qürur hissləri ilə “Azərbaycan dövləti”, “Azərbaycan xalqı”, “Azərbaycan milləti”, “Azərbaycan dili”, “Türk dünyasının birliyi”, “Bir millət-iki dövlət”, “İslam həmrəyliyi” və s. kimi fikir, ideya, söz və ifadələrini uca kürsülərdən söyləmişdir. Heydər Əliyev Azərbaycan xalqının qədim və qəhrəmanlıqlarla dolu tarixini, zəngin mədəniyyətini, ecazkar təbiətini, çox rəngarənk və ləzzətli mətbəxini, həzin, ürəkləri lərzəyə gətirən musiqisini, ədəbi-fəlsəfi fikirlərlə dolu olan ədəbiyyatını və.s dünyaya nümayiş etdirməyə çalışmışdır.

Məlumdur ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların bir çoxu uzun illərdən bəri Sovet İttifaqının tərkibində olan Azərbaycanı görməmiş və onların bəziləri Vətən, xalq, millət anlayışlarına yadırğamaqda idi. Soydaşlarımızın bir qismi yaşadıqları ölkədə kosmopolit insanın, yerli mədəniyyətin, dinin və dilin daşıyıcısına çevrilirdi və onlar öz ana dilində danışmağı belə unutmaqda idilər. Belə bir zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Ulu Öndər azərbaycanlıların milli şüuruna yenidən işıq saçmaqla onların milli kimliyini, milli mənsubiyyətini, milli tarixi kökünü bir daha müzakirə mövzusu edərək və bu məsələlərdə diaspor işinə xüsusi önəm verərək, dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları doğma Vətənə - Azərbaycana topladı.

2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaygan Respublikasının paytaxtı Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Ulu öndər Heydər Əliyevin qurultaydakı çıxışında söylədiyi fikirlər soydaşlarımızın milli şüurunu və tarixi yaddaşını yenidən silkələdi, onların milli hisslərini coşdurdu və işıqlandırdı. Ulu Öndər Dünya azərbaycanlılarının I qurultayında demişdir: “ Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Dünya azərbaycanlılarının birinci qurultayının belə geniş tərkibdə və miqyasda Bakıda keçirilməsi, orada möhtəşəm qərarların qəbul edilməsi yalnız və yalnız ümummilli lider Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin sayəsində mümkün ola və belə təntənəli və tarixi əhəmiyyət daşıya bilərdi. Yalnız və yalnız Heydər Əliyevin dünya şöhrəti, müdrikliyi, bacarığı, səriştəsi, dəmir məntiqli nitqi sayəsində müxtəlif ölkələrdə yaşayan və müxtəlif dünyagörüşə malik olan dünya azərbaycanlıları bir araya gəldilər və milli məqsədlər naminə yumruq kimi birləşmək qərana gəldilər. Dünya azərbaycanlılarının möhkəm milli birliyinin yaranması istiqamətində atılan addım kimi bu tarixi qurultayın çağırılması ümummilli lidir Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, tarixi, xalqı və dünya azərbaycanlıları qarşısında ən böyük xidmətlərindən biri idi.

Ümummilli lider Heydər Əliyev öz nitqində dünya azərbaycanlılarının yeganə dövləti olan Azərbaycan Respublikasını özlərinə doğma vətən kimi qəbul edərək Bakıya gəldiklərinə görə bütün nümayəndələrə təşəkkür etdi. O, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı müstəqil Azərbaycan Respublikasını göz bəbəyi kimi qorumağa, buranı dünya azərbaycanlılarının doğma Vətəni, özlərini isə bu Vətənin ayrılmaz bir hissəsi hesab etməyə, onun üçrəngli bayrağına, paytaxt Bakıya, Azərbaycanın gerbinə, Azərbaycan dilinə, latın qrafikalı Azərbaycan əlifbasına və s. kimi milli-mənəvi dəyərlərimizə hörmərlə yanaşmağa çağırdı.

Ulu Öndər qurultaydakı çıxışını belə arzularla başa vurdu: Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin! Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

Ümummilli lider Heydər Əliyev Azərbaycan diasporunu gücləndirmək məqsədi ilə türk və islam dünyasının birlik və həmrəyliyinin də vacib olduğunu bəyan etmiş və bu istiqamətdə də zəruri addımlar atmışdır.

Qafar Əliyev,

YAP Qaradağ rayon təşkilatının sədri,  

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Chosen
600
3
yeniazerbaycan.com

10Sources