EN

Deputatlardan ABŞ istehsallı F-35 təyyarələrinin alınmasına etiraz

Yazını böyüt
Yazını kiçilt

Belçikada ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı qərar siyasi mübahisələrə səbəb olub. Hökumətin müdafiə xərclərini artırmaq çərçivəsində 11 yeni F-35 təyyarəsi almaq planı bir qrup belçikalı deputatın ciddi etirazı ilə qarşılanıb. Onlar bu alışın ləğvi üçün parlamentə qətnamə layihəsi təqdim ediblər.

Hafta.az xəbər verir ki, Belçika hökuməti ötən ilin iyul ayında iqtisadiyyat naziri vasitəsilə donanmadakı döyüş təyyarələrinin sayını artırmaq məqsədilə ABŞ-dan əlavə 11 ədəd F-35 qırıcısının alınacağını açıqlamışdı. Lakin yanvarın 19-da Belçika Əmək Partiyasının (PTB) deputatları bu qərara qarşı çıxaraq alışın dayandırılmasını tələb edən qətnamə layihəsi irəli sürüblər.

Qətnamə müəllifləri bu proqramın yüksək maliyyəsini, F-35 təyyarələri ilə bağlı texniki problemləri və ən əsası Belçikanın ABŞ-dan artan asılılığını tənqid edirlər. “Biz bu bahalı, təhlükəli və faydasız layihəyə qarşıyıq”, deyə deputatlar bildiriblər. Onların hesablamalarına görə, təxminən 1,67 milyard avro dəyərində olan bu müqavilə əvəzinə 40 ibtidai məktəb tikmək, 10 min uşaq bağçası yeri yaratmaq və ya müasir bir xəstəxana inşa etmək mümkün olardı. Deputatların əsas narahatlığı ölkənin müdafiə sahəsində ABŞ-dan asılı vəziyyətə düşməsidir. Onların fikrincə, F-35 təyyarələrində istifadə olunan bəzi xüsusi sistemlər Belçikanın suverenliyi və məlumat təhlükəsizliyi baxımından risklər yarada bilər. Bu narahatlıqlar ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda daha da artıb.

Qeyd edək ki, Belçika artıq 2018-ci ilin oktyabrında F-16 təyyarələrini əvəz etmək məqsədilə 34 ədəd F-35 qırıcısının alınmasına qərar verib. Bunun ardınca 11 yeni təyyarənin sifarişi gündəmə gəlib. Buna baxmayaraq, mövcud prosedurların mürəkkəbliyi və eyni tipli donanmanın saxlanmasının təlim və texniki xidmət baxımından daha məqsədəuyğun olması səbəbindən hökumətin bu qərardan geri çəkiləcəyi ehtimalı azdır.

Chosen
32
4
hafta.az

5Sources