EN

"SOCAR Karbamid" nümunə göstərməkdə davam edir

Sumqayıtda yerləşən "SOCAR Karbamid" zavoduna daxil olanda diqqətimizi çəkən ərazinin səliqə-sahmanı, texnologiyanın müasirliyi yox, insanların  üzlərindəki isti təbəssüm, xoş münasibət oldu. Media turuna qatılan jurnalistləri qarşılayan rəhbərlik və əməkdaşlar havanın soyuq olmasına baxmayaraq,  səmimi və mehriban münasibətləri ilə işgüzar mühit yaratmışlar. 

Zavodun dəqiq planlaşdırılmış istehsal sahələri və təhlükəsizlik nişanları, hər detalın diqqətlə işlənməsi də başqa aləm idi. İşçilər üçün yaradılmış rahat istirahət zonaları, modern geyim otaqları və nəzarət mərkəzlərini müəssisənin insan amilinə verdiyi diqqətin yüksək göstəricisi hesab etmək olardı.

"SOCAR Karbamid" zavodu Dünya İqtisadi Forumunun "Qlobal mayak" şəbəkəsinə daxil edilib və "Rəqəmsal mayak" mükafatına layiq görülüb. Zavodun direktoru Kutay Durna jurnalistlərə açıqladı ki, bu nailiyyət müəssisənin istehsal proseslərinin rəqəmsal əsaslar üzərində qurulması, süni intellekt və innovativ texnologiyaların tətbiqi, eləcə də enerji effektivliyinin artırılması sahəsində beynəlxalq səviyyədə tanınmasının nəticəsidir: "Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər çərçivəsində Sənaye 4,0 konsepsiyasının tətbiqi, emissiyaların azaldılması və istehsal proseslərinin modernləşdirilməsi əsas prioritetlərimiz olub. Ardıcıl fəaliyyət nəticəsində zavod "Global Mayak" şəbəkəsinə üzv seçilib. Bu nailiyyət yalnız SOCAR ailəsi üçün deyil, region üçün də böyük qürurdur".

Mediatur çərçivəsində jurnalistlər zavodun qabaqcıl texnologiyalarla təchiz olunmuş data mərkəzi və panellərini görməklə yanaşı, karbamid istehsalı prosesini izləyə bildilər. SOCAR Downstream Management MMC-nin baş direktoru Emil Alxaslı qeyd etdi ki, zavodda həyata keçirilən rəqəmsallaşma və Sənaye 4,0 prinsipləri istehsal səmərəliliyini artırıb, planlı dayanma hallarını minimuma endirib və bir çox innovativ həlləri mümkün edib. E.Alxaslı onu da vurğuladı ki, bu yanaşma sadəcə trend deyil, gündəlik fəaliyyətdə təhlükəsizliyin maksimum səviyyədə təmin olunması, istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi və iqtisadi göstəricilərin yaxşılaşdırılması üçün əsas alətdir. Layihə iki il ərzində icra olunub və bu dövr ərzində istehsal gücü 21 faizdən çox artıb. Hər ton karbamid üçün istifadə olunan təbii qaz sərfiyyatı isə 24 faizdən çox azaldılıb.

Öyrəndik ki, zavodun bəzi sahələri yüksək riskli ərazilər olduğundan insan əməyinin minimuma endirilməsi əsas hədəfdir. Elə bu məqsədlə də müəssisədə  "Boston Dynamics" şirkətinin robotlarının imkanlarından istifadə olunur və bu,  həm  məlumatların toplanması prosesini sürətləndirir, həm də  işçilərin təhlükəsizliyini maksimum təmin edir. İstehsal proqramı isə xüsusi proqram təminatı ilə optimallaşdırılır, hər 15 dəqiqədən bir 1 milyondan çox ssenari təhlil olunur.

Jurnalistlərə məlumat verildi ki, karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab olunur. Ən yüksək azot tərkibinə (46.3 faiz) və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur. Onu da qeyd edək ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. 

Təməli 2011-ci ildə qoyulan zavodun açılış mərasimi 2019-cu il yanvarın 16-da  Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Zavodun layihələndirilməsi və tikintisi  Danimarkanın "Haldor Topsoe" və Niderlandın "Stamicarbon B.V" şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın "Samsung Engineering" şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın "Neste Engineering Solutions" şirkəti isə layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən artıq işçi cəlb olunub.

Karbamid zavodu istismara verildiyi dövrdə ölkənin qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilib. Sonra Cənubi Koreyanın İxrac-İdxal Bankından (KEXIM), habelə "Societe Generale" (Fransa), "Deutsche Bank" (Almaniya) və "UniCredit" (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən təxminən 100 milyon avro məbləğində vəsait ayrılıb.

Müəssisə il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə daxili bazarın tələbatını tam ödəyir. Direktor Kutay Durna jurnalistlərə verdiyi açıqlamasında bildirdi ki, "SOCAR Karbamid" daxili tələbatı 100 faiz qarşılayır və bu, ümumi istehsalın 12 faizini təşkil edir: "Zavod 2024-cü ildə Ukrayna, Rumıniya, Bolqarıstan, Türkiyə və Kanadaya məhsul ixrac edib. Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun istehsal gücü ildə 650 min ton təşkil edir. Müştərilərin 95 faizindən çoxu kənd təsərrüfatı sektorunda işləyənlərdir". Direktor onu da vurğuladı ki, karbamid istehsalının yerli xammal - təbii qazdan əldə olunması məhsulun dəyərini iki dəfə artırır: "Əgər qazı xarici bazarlara satsaydıq, təqribən 80 milyon dollar əldə edərdik, karbamid məhsulu isə 150-160 milyon dollar dəyərindədir. Bu, kənd təsərrüfatına, o cümlədən qeyri-neft sənayemizə böyük töhfədir".

Beləliklə, "SOCAR Karbamid" zavodu yalnız daxili istehsal və ixrac potensialı yaratmır, həm də rəqəmsal və innovativ texnologiyaları tətbiq edərək Azərbaycanın sənaye modernizasiyasına nümunə göstərir. Media turunun sonunda jurnalistlər həm texnologiyanın yüksək səviyyəsini, həm də işçilərin səmimi və səmərəli əməyini canlı şəkildə gördülər. Bu, təkcə zavodun deyil, bütün ölkənin strateji uğurudur.

Elşən QƏNİYEV,

"Azərbaycan"

1Sources