"Deputat kimi də yevlaxlılar üçün təcili yardım funksiyasını daşıyıram"
"Vağzalı mahnısı Yevlaxda yaranıb"
"Bakıdan Yevlaxa əməlliyyat olmaq üçün getmişəm"
Azərbaycan mediasında deputatlarla müsahibələr adətən qanunvericilik təşəbbüsləri, siyasi proseslər və parlamentin gündəmi ilə məhdudlaşır. Halbuki deputat həm də seçildiyi bölgənin həyatına, insanlarına, onların problemlərinə ən yaxından şahid olan şəxsdir.
Modern.az saytının “Region deputatın gözü ilə” layihəsi siyasətdən bir qədər kənara çıxır və oxucunu deputatların bölgə ilə bağlı təəssüratlarını, məlumatlarını öyrənir.
Layihənin budəfəki qonağı 52 saylı Yevlax seçki dairəsinin deputatı İlham Məmmədovdur.
- İlham müəllim, Yevlaxda doğulmusunuz, orada işləmisiniz. Bu bölgənin adı gələndə sizin ağlınıza ilk nə gəlir?
- Yevlax Azərbaycanın mərkəzidir. Mən orada doğulub-böyümüşəm. 1996-cı ildə işləmək üçün Bakıya gəldim, 2003-cü ildə yenidən Yevlaxa qayıtdım. Həmin vaxtdan deputat seçilənə qədər orada baş həkim işlədim. Yevlax deyəndə ağlıma Qarabağ müharibəsində baş verən proseslər gəlir. Birinci Qarabağ müharibəsinin bütün ağırlığını həkim olaraq çiyinlərimdə çəkmişəm. Cavan oğlan idim. Gedib meyitləri daşıyırdıq. Yevlax bütün hadisələrin mərkəzi olub. SSRİ dövründə inkişaf edən yer olub, ətraf rayonlardan hamı bu əraziyə gəlirdi. Eyni zamanda, Birinci Qarabağ müharibəsində əsas arxa cəbhə idi. Sürət Hüseynov qiyamı, Şuşanın işğalı - hər hadisənin şahidi olmuşuq. Müharibə dövründə də ermənilərin işğal etmək istədiyi əsas yer Yevlax idi. Eyni zamanda, 2023-cü ildə Qarabağın erməni icmasının nümayəndələrinin buraya gəlməsi suverenliyimizin bərpasının əsas hissəsini başlatdı. Cənab Prezident Azərbaycan tarixini hamımızdan yaxşı bilir, ona görə də həmin görüşdə Yevlax təsadüfü seçilməmişdi. Yevlax adı Azərbaycanın yarısını assosiasiya edən şəhərdir.
- Yevlaxın tarixi o qədər də qədim deyil. Yəqin ki, əsliniz başqa bölgəyə gedib çıxır.
- Mən Qərbi azərbaycanlıyam. Atam, anam oradan gəlib Yevlaxda yerləşiblər. Mən Yevlaxda doğulmuşam. Əslim isə Qərbi Azərbaycanın Zəngibasar rayonundandır.
- Uzun müddət Yevlaxda həkim kimi fəaliyyət göstərmisiniz. Rayon əhalisi ilə daha yaxından ünsiyyət qurmaq imkanınız olub.
- İlk fəaliyyətimə Yevlaxda başlamışam. Təhsilimi başa vurduqdan sonra həkim peşəsinə tam yiyələnməyim də məhz Yevlaxla bağlıdır. Həmin dövrdə mən insanları yaxından tanıdım, eyni zamanda onlar da məni tanıdılar. Yevlaxda işlədiyim müddətdə poliklinika xidmətində fəaliyyət göstərmiş, qastroenteroloq və endoskopist kimi çalışmışam. 28 yaşımda isə 40 çarpayılıq mədə-bağırsaq şöbəsinin müdiri olmuşam. Bu mərhələlər mənim peşəkar kimi formalaşmağımda mühüm rol oynayıb. Rayon şəraiti elədir ki, əgər həkimsənsə, yaxınların, qonşuların və səni tanıyan insanlar sənə bütün sahələrdən anlayışı olan bir loğman kimi yanaşırlar. Bu isə səni müxtəlif sahələr üzrə biliklərini dərinləşdirməyə, üzərində daim işləməyə vadar edir. Nəticə etibarilə, bütün bunlar həkim kimi yetişməyini şərtləndirir.
- Artıq sizə deputat kimi baxırlar?
- Mən Milli Məclisdə Səhiyyə komitəsinin üzvüyəm və parlamentdə daim bu sahəni təmsil etmişəm. Amma dostlarımın və yaxınlarımın böyük əksəriyyəti bu gün də mənə deputatdan çox həkim kimi baxır. Yevlaxda işlədiyim müddətdə qapım hər kəsin üzünə açıq olub. Baş həkim işlədiyim dövrdə də yevlaxlılar üçün adi həkim idim. İlk dəfə deputat seçildiyim vaxtdan bu günə qədər həm indiki, həm də əvvəlki deputat həmkarlarım mənə müraciət edərkən “İlham müəllim” yox, “doktor” deyirlər. Mən deputat fəaliyyətimdə də yevlaxlılar üçün bir növ təcili yardım funksiyasını yerinə yetirirəm. Problemi olan, şikayət edən, Bakıya gələn və həkimə ehtiyacı olan insanların böyük əksəriyyəti məhz mənə müraciət edir.

- Yevlaxlıları bizə necə tanıdarsınız?
- Yevlax çox isti yerdir, bu istilikdən də isti, səmimi münasibətə malik insanları yetişir. Yevlaxlılar olduqca qonaqpərvərdirlər və danışıq tərzləri ilə digər bölgələrdən seçilirlər. Şirindillidirlər. Nəsə deyərkən ifadələrini xüsusilə seçirlər. Yevlaxda hələ əvvəllər dəmir yolu vağzalının olması, dəmir yolu xəttinin çəkilməsi şəhərin inkişafına xüsusi töhfə verib. Hətta Yevlax Dəmir Yolu Vağzalı açılarkən insanların yola salınması mərasimində bir “hava” ifa olunub. Həmin hava bu gün bütün toylarda səsləndirilən "vağzal havası" kimi tanınır. Yevlax tarixən ətraf bölgələrdən gələn insanların toplaşdığı məkan olub. Zaman-zaman başqa bölgələrdən köç edən insanlar burada məskunlaşıblar. Məhz buna görə də hesab edirəm ki, Yevlax Azərbaycanın müsbət simasını özündə birləşdirən nadir yerlərdən biridir.
- Deyirlər ki, şirin dil ilanı yuvasından çıxarır. Yevlaxlılar bunu bacarır?
- Lazım gələndə hə.
- Müalicə və ya müayinə üçün Yevlaxdakı xəstəxanalara getmisinizmi? Öz canınızı oradakı həkimlərə əmanət edərdinizmi?
- Yevlaxda çalışan həkimlər məni hələ də həmin kollektivin üzvü kimi qəbul edirlər. Bu faktdır ki, təxminən iki il əvvəl cərrahi əməliyyat keçirməli oldum və Bakıdan Yevlaxa gedərək orada əməliyyat olundum. Orada çalışan həkimlərin böyük əksəriyyəti mənim dostlarımdır. İctimai fəaliyyətimdə də hər zaman yanımda olublar. Onlara güvənirəm və canımı tərəddüd etmədən əmanət edirəm.
- Bu gün Yevlaxda hər 10 min nəfərə düşən həkim sayı 12-dir. Bu rəqəm sizi qane edirmi?
- Kadr problemi ümumilikdə Azərbaycan səhiyyəsinin problemidir. Sovet dövründə bu məsələlər mərkəzləşdirilmiş təyinat sistemi ilə tənzimlənirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə azad bazar iqtisadiyyatı şəraitində hərəkət etməyə başladıq. Nəticədə insanların seçimləri onların şəxsi istəklərindən asılı oldu. Bu isə həkimlər üçün də seçim azadlığı yaratdı. Son illər həkimlərin böyük əksəriyyətinin plastik cərrahiyaya üz tutduğunu müşahidə edirik. Artıq bu sahəni biznesə çevirənlər də var və bu da bir sıra digər ixtisaslar üzrə mütəxəssis çatışmazlığına səbəb olur.
Bu gün İcbari Tibbi Sığorta, TƏBİB və Azərbaycanda səhiyyə siyasətini həyata keçirən Səhiyyə Nazirliyi məhz həmin problemlər üzərində ciddi şəkildə düşünür, təkliflər irəli sürür və planlaşdırmalar aparır. Azərbaycan səhiyyəsi bu gün sürətlə inkişaf edir. İcbari tibbi sığortanın ölkə üzrə tam tətbiq olunması ən böyük nailiyyətlərdən biridir və inkişaf etmiş ölkələrdə səhiyyənin səviyyəsini göstərən əsas göstəricilərdən sayılır. Məsələn, Avropada yaşadığınız halda adi bir sahə həkiminin qəbuluna düşmək üçün öncədən yazılmalı və müəyyən müddət gözləməli olursunuz..
- Amma biz Avropada həkimlərin sol ayaq yerinə sağ ayaq kəsdiyini, mətbəxdə estetik əməliyyat etdiklərini, bu qədər diplomsuz şəxslərin dövlət və özəl xəstəxanalarında çalışdığını görməmişik...
- Biz peşəkar tərəfdən danışsaq, bu, dünyanın hər yerində var. Epizodik hallar ümumi səhiyyə sisteminin geri qaldığını göstərmir.

- Son bir ildə estetik cərrahların etdiyi əməliyyat nəticəsində ölən onlarla şəxs epizodik hal sayılır?
- Estetik cərrahlarla bağlı müəyyən dövrdə boşluq yaranıb. Mən bunun tərəfində deyiləm. Birmənalı olaraq burada səhlənkarlıq edən adamlar var. Rəhbərlikdə olan, buna göz yuman şəxslər cəzalandırılıb və cəzalandırılacaq da.
- Yəni bu problem fərdlərlə bağlıdır?
- Artıq bu mövzu müəyyən mənada stereotipləşib: cəmiyyətdə belə cərrahların mövcud olduğu fikri formalaşıb. Cənab Prezident dəfələrlə qeyd edib ki, siqnalları cəmiyyətdən, ictimai müzakirələrdən alır. Axı bu gün ölkədə çoxsaylı özəl tibb müəssisələri fəaliyyət göstərir və onların hər birinin yanında ayrıca nəzarətçi dayanması mümkün deyil.
Bununla yanaşı, bu gün Azərbaycanda həm ağır, həm də uğurlu əməliyyatlar aparılır. İlk dəfə olaraq ölkəmizdə meyit üzərindən orqan transplantasiyası həyata keçirildi. Səhiyyənin daha mükəmməl səviyyəyə çatması üçün müəyyən vaxt tələb olunur. Dünyadakı təcrübə də göstərir ki, bu proses birdən-birə baş vermir, uzun və mərhələli inkişaf yolu tələb edir.
Vaxtilə əməliyyat üçün İrana və Türkiyəyə üz tutan insanlar bu gün artıq öz ölkəmizdə müalicə alırlar. Ona görə də biz yalnız səhiyyənin zəif tərəflərinə fokuslanmamalıyıq. Bu gün Azərbaycanın daxili siyasətinin əsas istiqamətlərindən biri məhz səhiyyənin inkişafıdır. Biz hər bir ölkənin təcrübəsini olduğu kimi Azərbaycanda tətbiq edə bilmərik; hər xalqın özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, Avropada insanların həkim qəbuluna düşmək üçün günlərlə, hətta həftələrlə gözləməsi modelini Azərbaycana necə tətbiq etmək olar?
Bu gün ölkəmizdə xəstəxanalarda müşahidə olunan növbələr Azərbaycan səhiyyəsinə olan inamın və tibbi xidmətlərin əlçatanlığının göstəricisidir. COVID-19 dövründə Milli Məclis tərəfindən qısa müddətdə bir sıra hüquqi-normativ aktlar hazırlanaraq qəbul edildi. Cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstək məqsədilə parlament də üzərinə düşən məsuliyyəti yerinə yetirdi. Mən bununla fəxr edirəm.
Eyni zamanda, qarşıda hələ görüləsi işlərimiz də var və biz bunu açıq şəkildə etiraf edirik.
- Siz qeyd etdiniz ki, Yevlaxda müxtəlif bölgələrdən olan insanlar məskunlaşıb. Bəs bu bölgənin özünəməxsus adət-ənənələri hansılardır? Bunların içində xüsusilə bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar varmı?
- Burada adət-ənənələr daha çox ümumiləşmiş formadadır. Toylar və digər xoş günlər Azərbaycanın bir çox bölgələrinə xas olan oxşar adət-ənənələr çərçivəsində keçirilir. Yas mərasimləri ilə bağlı son illərdə müşahidə olunan tendensiyalar Yevlaxda da özünü göstərir. Əgər biz yas mərasimlərində israfçılığın düzgün olmadığını bir vərdişə çevirsək, bu hallar tədricən azalacaq. Yevlaxda da ilk dəfə mən valideynlərim rəhmətə gedəndə ehsanı yığışdırdım.
- Azərbaycanda beşdən çox uşağı olan anaların əksəriyyəti məhz bu bölgədəndir. Bu, yəqin ki, fərqli ənənələrlə bağlıdır...
- Bu, Yevlaxın bol günəşli, quru və gözəl iqlimi ilə əlaqəlidir. Bunu daha çox təbliğ etmək lazımdır. (Gülür)

- Uzun müddətdir Yevlaxın adı həm də qaraçı icmasının nümayəndələri ilə birlikdə çəkilir. Hazırda Yevlaxda nə qədər qaraçı yaşayır?
- Qaraçılar Qubada da var, Bərdədə də, amma nədənsə onların adı daha çox yevlaxlılarla birlikdə hallandırılır. (Gülür) Bunun səbəbi də Yevlaxın ölkənin mərkəzində yerləşməsidir. Yevlaxda yaşayan qaraçılara gəldikdə isə, onlar Yevlaxın sakinləridir, yerli əhali ilə qaynayıb-qarışır, yaxın qonşuluq münasibətləri qururlar. Biz onlara heç vaxt fərqli münasibət göstərməmişik. Mənim seçicilərim arasında da qaraçılar var. Onlar məktəbə gedir, təhsil alırlar. Sadəcə, özlərinə məxsus həyat tərzi və daxili ictimai quruluş çərçivəsində yaşayırlar.
- Yevlaxlılarla qaraçılar bir-birindən qız alıb, oğul evləndirirlər?
- Var. Mən tanıdığım çox sayda azərbaycanlı var ki, onlar evlənirlər də. Heç yan-yana görəndə onları ayırmaq da olmur. Bu gün burada yaşayan qaraçıların hamısı Yevlaxın sakinləridir. Pandemiya dövründə də, İkinci Qarabağ müharibəsində də bu proseslərdə iştirak ediblər.
- Maraqlanmısınızmı, Yevlaxda yaşayan qaraçı oğlanlar hərbi xidmətə aparılırmı?
- Birmənalı şəkildə hamısı gedir.
- Onlarla birbaşa ünsiyyətiniz olub? Sizdən deputat kimi nələr istəyirlər?
- Birmənalı olaraq, həm deputat kimi, həm də Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri olduğum müddətdə burada yaşayan qaraçılarla ünsiyyətim olub. Məhəllələrdə görüşlərim zamanı da söhbətlərimiz olub. Onlar həmişə dövlətə sadiq insanlar olublar.
- Şəraitləri, həyat tərzləri necədir? Onların özünəməxsus ənənələri var. Məsələn, deyirlər, kişilər evdə oturur, qadınlar işləyir...
- Onların adət-ənənələri nəzərəçarpacaq və diqqətçəkən səviyyədə deyil. İşləməyə gəldikdə isə, mən bununla razı deyiləm. Onlar müxtəlif sahələrdə çalışırlar. Aralarında idmançılar da var. Dünya inkişaf etdikcə onlar da bu inkişafa uyğunlaşırlar.

- Uzun müddət onlar qeydiyyatsız yaşayıb, 12–13 yaşında ailə həyatı qururdular. İndi necədir?
- Bunlar təkcə Yevlaxda yaşayanlara deyil, ümumilikdə bütün dünyadakı qaraçılara məxsus ənənələrdir.
- Onlar qonşularına uyğunlaşır, yoxsa qonşular onlara?
- Onlar öz adət-ənənələrindən kənara çıxmırlar. Amma onların ətrafında, qonşuluqda yaşayan insanlar özlərini çox təhlükəsiz hiss edirlər. Oğurluq və sair hallar heç bir halda olmur. Onlarda qonşuluq münasibətləri çox yüksəkdir.
- Siz uşaq olanda da onları görmüsünüz...
- Hə. O vaxtlar daha fərqli idi. Əvvəllər məktəbdən yayınırdılar, indi isə gedirlər.
- Qəbiristanlıqlar ayrıdır?
- Yox. Hamısı birlikdə dəfn olunur.
- Üzvü olduğunuz Ailə, qadın və uşaq məsələləri komitəsində uzun müddət qohum evliliyi və erkən nikahın qadağası müzakirə olunmuşdu. Ötən ildən bu qadağa qüvvəyə minib. Yevlaxda bu kimi hallarla tez-tez rastlaşılırmı?
- Qanun qüvvəyə mindikdən sonra Yevlaxda nə erkən nikah, nə də qohum evliliyi qeydə alınıb. Köməkçimə də daim mətbuatı izləməsini tapşırmışam ki, bu məsələlər barədə mənə məlumat versin.
- Yevlaxın Qoyunbinəsi, Malbinəsi kəndləri var. Bu adların dəyişdirilməsi üçün Toponimiya şöbəsinə müraciət etmək barədə düşünürsünüzmü?
- Bunu heç düşünməmişdim. Amma müraciət etmək olar. Bu barədə fikirləşməyə dəyər. Bunlar eyni zamanda Yevlaxın tarixi adlarıdır. Böyük ehtimalla, bölgə Qarabağa yaxın olduğu və burada mal-qara saxlanıldığı üçün bu cür adlandırılıb. Yevlaxın özü isə Qarabağ xanlarının ovlağı olub, deyildiyinə görə adı da elə buradan gəlir.

- Yevlaxda dinə münasibət necədir?
- Əvvəllər bu sahədə müəyyən radikallıq var idi. Vahabilər və digər bu qəbildən olan qruplaşmalar mövcud idi. Lakin onlara qarşı ciddi mübarizə aparıldı. Hətta gəncləri məkirli məqsədlərinə cəlb etməyə çalışan dindarlar da var idi. Yaxın illərə qədər bu sahədə problemlərimiz olsa da, hazırda ciddi problem yoxdur. Bütün dini ayinlər normal şəkildə icra olunur. Bəzən epizodik hadisələr də baş verir. Hətta ötən il də belə bir halla rastlaşmışdıq.
- Yevlaxda həm 14–17 yaşlılar, həm də böyüklər arasında cinayətlərin sayı az deyil. 128 min 400 nəfərin yaşadığı bu ərazidə bir il ərzində 319 cinayət hadisəsi qeydə alınıb...
- Son illərdə, xüsusilə cinayətkarlıqla mübarizə sahəsində aidiyyəti qurumların, o cümlədən Daxili İşlər Nazirliyinin fəaliyyəti yüksək səviyyədədir. Ola bilər ki, bu fikrimlə hamı razılaşmasın. Amma bu gün Yevlaxda insanların təhlükəsiz yaşamasının əsas səbəbi məhz budur. Xüsusilə Vilayət Eyvazovun hadisələrə yanaşması çox yüksək qiymətləndirilməlidir. Yevlaxda cinayətkarlığın qarşısının alınması üçün məqsədyönlü işlər görülür. Qeyd olunan 319 cinayətin içərisində xuliqanlıq, ailə-məişət münaqişələri və yol-nəqliyyat hadisələri də var.
- Əksər deputatların icra hakimiyyətləri ilə münasibətləri gərgin olur. Sizin Yevlax Rayon İcra Hakimiyyətinin başçısı ilə münasibətləriniz necədir? Seçicilərinizin yerli icra hakimiyyəti ilə bağlı şikayətləri olurmu?
- Yevlax Rayon İcra Hakimiyyətinin rəhbərliyi dövlət başçısının ona göstərdiyi etimadı yüksək səviyyədə doğruldan və olduqca mədəni insandır. Bunu müsahibə xatirinə demirəm, həqiqətən belə düşünürəm. Anar müəllim həm mənimlə, həm də 53 saylı Yevlax–Mingəçevir seçki dairəsindən olan deputat Əli Hüseynli ilə koordinasiyalı şəkildə çalışır. Rayonda tədbirlərin keçirilməsi, seçicilərlə görüşlərin təşkili və qaldırılan məsələlərə operativ reaksiya verilməsi baxımından çox diqqətlidir. Bəzən biz özümüz də bu diqqətə görə utanırıq. Yevlaxda qonaq olan deputat həmkarlarım da təsdiqləyə bilər ki, icra başçısı ilə münasibətlərimiz digərlərinə nümunə göstəriləcək səviyyədədir.

- Artıq 16 ildir deputatsınız. Bu müddətdə Yevlaxda nələr dəyişib? Seçiciləriniz əvvəllər daha çox hansı məsələlərlə müraciət edirdilər, indi müraciətlər hansı istiqamətlərdədir?
- Birinci çağırış dövründə xatırlayıram ki, rayonda qaz, işıq, su və yol problemləri mövcud idi. Amma indi mənim və deputat həmkarlarımın qarşılaşdığı müraciətlərin böyük əksəriyyəti fərdi xarakter daşıyır. Artıq qazlaşdırılmayan kəndimiz, yol çəkilməyən yaşayış məntəqəmiz yoxdur. Hazırda bölgədə kanalizasiya problemləri qismən qalmaqdadır. Ümumilikdə isə insanlar şəxsi və fərdi məsələlərlə bağlı müraciət edirlər.
- Yevlaxda yaşayan qohumlarınız varmı?
- Yevlaxda bir bacım yaşayır. Bundan əlavə, əmim, dayım və xalam uşaqları da rayonda qalırlar.
- Onları işlə təmin etmisiniz?
- Xeyr. Bacım artıq pensiyadadır. Bacımın oğlu İkinci Qarabağ müharibəsində ağır yaralanmışdı, dörd dəfə əməliyyat olundu. Hazırda həm əlilliyə görə müavinət alır, həm də dövlət tərəfindən işlə təmin olunub. Digər qohumlarımdan isə heç kim vəzifə tutmur. Bir qardaşım da var, o da Bakıda yaşayır.

- Bir övladınız var. O nə işlə məşğuldur? Gələcəkdə Yevlaxda işləmək və ya sizin yolunuzu davam etdirmək istəyərmi?
- Övladım hüquqşünasdır, Bakıda çalışır.
- Sizin yolunuzu davam etdirmək istəyir?
- Açığı, bu barədə söhbət etmirik. İndi hər kəsin öz yolu var.