Qusar rayonunda taxıl səpini kampaniyası yekunlaşıb. Mövsüm ərzində, xüsusən, ötən ilin payızında havaların mülayim keçməsi fermerlər üçün əlverişli şərait yaradıb, nəticədə şum və səpin işləri vaxtında və keyfiyyətlə həyata keçirilib. Mütəxəssislərin fikrincə, bu amil gələcək məhsuldarlığa birbaşa müsbət təsir edən əsas şərtlərdən biridir.
Rayon üzrə ümumilikdə 17520 hektar ərazidə taxıl səpini aparılıb. Bu sahələrin 8550 hektarında buğda, 8970 hektarında arpa əkilib. Statistik rəqəmlərdən də göründüyü kimi, taxılçılıq Qusarda kənd təsərrüfatının əsas istiqamətlərindən biridir.
Son illər Qusarda müasir meyvə bağlarının salınmasına xüsusi diqqət yetirilməsi suvarılan ərazilərdə taxıl sahələrinin müəyyən qədər azalmasına səbəb olub. Bu səbəbdən suvarılan taxıl sahələrinin həcmi 2930 hektar təşkil edib. Yaxın gələcəkdə yeni bağ sahələrinin salınması nəzərdə tutulub. Onu da bildirək ki, minerallarla zəngin bu torpaqlarda yetişən meyvə keyfiyyəti ilə seçilir.
Qusarda qış soyuq və qarlı keçir. Bunun torpağa faydası var. Hazırda rayonun tarlaları ağ örpəyə bürünüb. Bu da gələcəkdə bol məhsuldan xəbər verir.
Akif ƏLİYEV,
"Azərbaycan"