Bəşəriyyət bu prosesin fundamental səbəblərini müəyyən etdikdən sonra qocalığa qalib gələ bilər...
Poliqon xəbər verir ki, amerikalı sahibkar İlon Mask Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bəşəriyyətin gələcəkdə qocalma problemini həll edə biləcəyini bildirib. Onun sözlərinə görə, insan orqanizminin qocalması aradan qaldırıla bilən bir prosesdir və bunun üçün ilk növbədə bu hadisənin əsas, fundamental səbəbləri üzə çıxarılmalıdır.
İlon Mask qocalmanın səbəbinin “son dərəcə aydın və göz qabağında olan” bir mexanizmlə bağlı olduğunu iddia edib. O qeyd edib ki, insan bədənindəki bütün hüceyrələr demək olar eyni sürətlə qocalır və bu fakt prosesin təsadüfi deyil, vahid mexanizmə əsaslandığını göstərir. Sahibkar zarafatla bildirib ki, heç vaxt sağ qolu gənc, sol qolu isə qoca olan bir insan görməyib və bu da qocalmanın bədənin ayrı-ayrı hissələrində fərqli getmədiyini sübut edir.
Bununla yanaşı, Tesla və SpaceX şirkətlərinin qurucusu etiraf edib ki, indiyədək bu mövzuya kifayət qədər vaxt ayırmayıb. Onun fikrincə, qocalmanın bioloji təbiəti nisbətən anlaşılan mexanizmə malikdir və elmin inkişafı ilə gələcəkdə bu mexanizmin idarə olunması mümkün olacaq. Mask hesab edir ki, tibbi-bioloji tədqiqatlar dərinləşdikcə insan ömrünün əhəmiyyətli dərəcədə uzadılması real hədəfə çevrilə bilər.
Qeyd edək ki, ölümsüzlük və insan ömrünün uzadılması mövzusu daha əvvəl də yüksək səviyyəli siyasi müzakirələrin predmeti olub. 2025-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində görüş zamanı insanın 150 il yaşaya bilib-bilməyəcəyini müzakirə ediblər. Tiananmen meydanında keçirilən hərbi paraddan öncə, Tiananmen darvazasına doğru gedərkən iki ölkə lideri orqan transplantasiyası və tibbi tərəqqi barədə fikir mübadiləsi aparıblar. Həmin söhbətin bir hissəsi təsadüfən canlı efirə düşüb və Reuters, Bloomberg də daxil olmaqla bir sıra beynəlxalq KİV-lər tərəfindən yayımlanıb.
Poliqon.info