EN

Qrenlandiya düyünü: Arktikada güc balansı necə dəyişir?

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər Qrenlandiya ətrafında yaranan gərginlik beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ administrasiyası Arktikada artan təhlükəsizlik risklərini əsas gətirərək Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək niyyətini açıq şəkildə ortaya qoyur.

Bu yanaşma həm Danimarka ilə münasibətlərdə, həm də NATO daxilində ciddi müzakirələrə səbəb olub. ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçməsini açıq şəkildə istədiyini bildirir, Avropa İttifaqı isə bu gərginliyə cavab olaraq Vaşinqtonla ticarət danışıqlarını dayandırıb.

Paralel olaraq NATO baş katibi Mark Rutte kompromisli və praqmatik xətt təklif edərək böhranın tam eskalasiyasının qarşısını almağa çalışır. Bütün bunlar Arktikanın artıq təkcə coğrafi yox, geosiyasi mərkəzə çevrildiyini göstərir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Alim Nəsirov bildirib ki, ABŞ üçün Qrenlandiya ilk növbədə strateji təhlükəsizlik məsələsidir. Arktika bölgəsi son illər böyük güclər arasında yeni rəqabət məkanına çevrilib. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın hərbi fəallığını və Çinin iqtisadi maraqlarını ciddi risk kimi qiymətləndirir:

“Qrenlandiya həm hava və raket müdafiə sistemləri, həm də erkən xəbərdarlıq baxımından unikal mövqeyə malikdir. ABŞ bu adanı Şimal yarımkürəsində müdafiə xəttinin əsas dayaqlarından biri kimi görür. Buna görə də məsələ yalnız Danimarka ilə münasibətlər yox, qlobal güc balansı ilə bağlıdır”.

Müsahibimiz qeyd edib ki, Trampın açıqlamaları klassik diplomatik dildən çox, təzyiq siyasətini xatırladır. O, maksimalist mövqe ortaya qoyaraq danışıqlarda üstünlük qazanmağa çalışır. ABŞ daxilində belə bu yanaşmaya ciddi etirazlar var və Respublikaçılar arasında da narazılıq artır. Praktik baxımdan Qrenlandiyanın ABŞ-a verilməsi real görünmür. Amma bu iddialar Danimarkanı və NATO-nu daha geniş güzəştlərə razı salmaq üçün istifadə olunur. Yəni Trampın istədiyi nəticə nəzarət yox, hərbi iştirakın maksimum genişləndirilməsidir.

Alim Nəsirov: Vaşinqton Rusiyanın hərbi fəallığını və Çinin iqtisadi maraqlarını ciddi risk kimi qiymətləndirir

NATO baş katibi Mark Ruttenin rolunun bu böhranda necə qiymətləndirilməsinə gəlincə, siyasi şərhçi bildirib ki, Rutte bu prosesdə açar fiqura çevrilib. O, həm ABŞ-nin təhlükəsizlik narahatlıqlarını, həm də Danimarkanın suverenlik xəttini balanslaşdırmağa çalışır. Ruttenin təklif etdiyi model Qrenlandiyanın hüquqi statusunu dəyişmir, amma ABŞ-yə faktiki hərbi üstünlük verir:

“Bu, NATO daxilində parçalanmanın qarşısını alan praqmatik yanaşmadır. Rutte Tramp kimi sərt liderlərlə dialoqu davam etdirməyi bacardığını göstərdi. Məhz bu səbəbdən hazırkı kompromis onun diplomatik uğuru sayılır”.

“Qrenlandiya ətrafında baş verənlər Avropa İttifaqı və qlobal münasibətlər üçün nə vəd edir” sualını cavablandıran A.Nəsiriv bildirib ki, bu gərginlik ABŞ ilə Avropa arasında etimad böhranını daha da dərinləşdirir. Aİ-nin ticarət danışıqlarını dayandırması artıq iqtisadi alətlərin də işə düşdüyünü göstərir. Qrenlandiya məsələsi Avropanın təhlükəsizlik baxımından nə qədər ABŞ-dən asılı olduğunu bir daha üzə çıxardı:

“Eyni zamanda Avropa öz strateji müstəqilliyi barədə daha ciddi düşünməyə başlayır. Arktika yaxın illərdə yeni soyuq müharibə məkanına çevrilə bilər. Bu isə beynəlxalq sistemdə gərginliyin uzunmüddətli olacağını göstərir”.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
bakivaxti.az

2Sources