EN

Xarici dillər inkişaf üçün, ana dili isə kimliyimiz üçün vacibdir - Sosioloqdan açıqlama

İnsanlar günümüzdə xarici dillərə böyük maraq göstərirlər. Bunun səbəbləri müxtəlifdir. Bir tərəfdən, beynəlxalq ünsiyyət və iş imkanları insanları xarici dil öyrənməyə və onu danışmağa sövq edir. Dünyada inkişaf etmiş ölkələrdə işləmək, təhsil almaq və məlumat mənbələrindən istifadə etmək üçün ingilis dili kimi beynəlxalq dillər əsas vasitə hesab olunur. Digər tərəfdən, xarici dil bilmək insanlarda prestij və modernlik hissi yaradır, sosial statusu artırır və fərqli mədəniyyətlərlə əlaqə qurmağa imkan verir. Həmçinin, bəzi hallarda insanlar xarici dildə danışmağı daha rahat hesab edirlər. Beləliklə, insanların xarici dillərə marağı informasiya və karyera imkanları ilə, sosial prestijlə, həm də psixoloji rahatlıqla bağlıdır. Lakin bu maraq balanslı olmalı və milli dilimizin qorunması da diqqətdə saxlanmalıdır.

Dilimizin punktualığınının qorunması haqqında sosioloq Mail Yaqub Missiya.Az-a danışıb.

"Dil hər bir xalqın, hər bir millətin və mədəniyyətinin əsas atributlarından biridir. Dil mədəniyyətin tərkib hissəsi kimi böyük rol oynayır. Bir xalq və ya millət “milli mədəniyyətim var” deyirsə, onun mütləq öz dili olmalıdır və bu dil qorunmalıdır. Əks halda, xarici sözlərin dilə daxil olması ilə birlikdə, dil tədricən öz varlığını itirə bilər. Bu proses sürətli olmaya da bilər — üç ilə, beş ilə deyil, bəlkə əlli ilə, yüz ilə baş verə bilər. Dünyada artıq bir çox dil belə yox olub, məsələn, latın dili artıq danışılan dil deyil",-sosioloq bildirib.

Sosioloqun sözlərinə görə, dilə ciddi yanaşmaq vacibdir. Bəziləri deyə bilər ki, əsas məsələ iqtisadi dirçəlişdir, amma iqtisadiyyatla yanaşı mədəniyyət də hər bir dövlətin və millətin əsas sütunlarından biridir. Mədəniyyət musiqi, adət-ənənələr və digər elementləri əhatə etdiyi kimi, dil də onun ən vacib komponentlərindən biridir. Dil millətin özünü ifadə etmə vasitəsidir. Müstəqil bir millət olaraq var olmaq üçün həmin millətin özünəməxsus dili olmalı və qorunmalıdır. Xarici ifadələr və sözlər dilə daxil olduqda, dil yavaş-yavaş özünü itirir. Burada sual yaranır: niyə insanlar öz dilimizdə yox, xarici dildə danışmağa üstünlük verirlər? Bunun əsas səbəblərindən biri iqtisadi və texnoloji inkişaf səviyyəsidir.

"Dünya niyə ingilis dilində danışmağa üstünlük verir? Çünki ingilis dilində danışan ölkələr iqtisadi və texnoloji baxımdan inkişaf edib və həmin dildə çoxlu mənbələr, tədqiqat materialları mövcuddur. Biz də əgər Azərbaycan dilində elmi, texnoloji və mədəni mənbələrimizi çoxaltsaq, bu dili həm qoruyar, həm də inkişaf etdirərik. Bunun üçün iqtisadi güc və mədəniyyətin bir-birinə bağlı olduğunu anlamalıyıq. İqtisadiyyat inkişaf edərsə, mədəniyyət də inkişaf edəcək və bizim dilimiz öz gücünü saxlayacaq",- M.Yaqub əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
56
missiya.az

1Sources