EN

Prezidentin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alır. Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.  Dövlətimizin başçısı Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın Prezident İlham Əliyevlə görüşü zamanı vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin paraflanmasına xüsusi önəm verib. Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin saziş qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.

Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktını dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur. Eyni zamanda hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.

Ermənistanın beynəlxalq güclərin siyasi dəstəyi sayəsində 30 il davam etdirdiyi işğala cəmi 44 gündə son qoymaq və Vətən müharibəsinin sonuncu akkordu olan 2023-cü ilin antiterror əməliyyatını 23 saata başa çatdırmaq əsl Ali Sərkərdənin, Siyasi Liderin dəmir iradəsi, son ana qədər güvəndiyi nümunəvi peşəkar Silahlı Qüvvələrin qalibiyyət əzmi sayəsində mümkün olduğundan bu Zəfər strategiyası, Qələbə doktrinası beş ildir ki, dünya hərb məktəblərinin, siyasət akademiyalarının tədris və təlim proqramlarında yer alır.

Azərbaycan beynəlxalq aləmə digər bir gerçəkliyi də təqdim etdi, öz torpaqlarını azadlığa qovuşdurmaqla həm də dünyada yeni geosiyasi tarazlıq modelini – haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı. Hərbi qüdrətinin fonunda və bir sıra hallarda müxtəlif qüvvələrin antisülh bəyanatları şəraitində regionda əbədi sülh carçısı olduğunu nümayiş etdirərək bunu praktiki əməli ilə təsdiqlədi, bölgədə dinc və birgəyaşayışın, tolerantlığın, kin və nifrətdən uzaq mülayim qonşuluğun modelini yaratdı.

Azərbaycanın irəlilətdiyi sülh prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi.

Bakının xoşməramlı şərtləri və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar platforma kimi təqdir olunur. Azərbaycan Prezidentinin başlatdığı quruculuq və bərpa prosesi Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsini formalaşdırması, yeni iqtisadi bağlantılar üçün əlavə fürsətlər yaradır. Bu mütərəqqi yanaşma və humanizm səyləri bir daha dövlətimizin yalnız hərbi qüdrətinin deyil, həm də strateji baxışının və beynəlxalq təhlükəsizliyə sadiqliyinin dünyaya nümayişi deməkdir.

Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”nın cənab Prezidentə verilməsi də yuxarıda vurğuladığımız ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür. Bu mükafat diplomatik uğurun simvolu olmaqla yanaşı, eyni zamanda Azərbaycanın ali rəhbərinin qlobal təsisatlara, beynəlxalq siyasi auditoriyaya qəbul etdirdiyi sülh gündəliyinin gerçəkliyi – dünyanın barışdığı sülh manifestidir.

Qeyd edilməlidir ki, BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilmiş eyniadlı fond qlobal miqyasda humanitar əməkdaşlıq, sülh və həmrəylik rəmzi kimi qəbul edilir. Zayed Fondunun bir neçə missiyası olsa da, əsas ana məramı və fəlsəfəsi dünyada humanizm, dözümlülük və xalqlararası sülhün təşviqi, bu istiqamətdə dayanıqlı təşəbbüslərə dəstəyidir.

Fondun bu dəyərlərə olan hörmət və etibarının, yüksək etimadının təcəssümü və təltifi “Zayed İnsan Qardaşlığı Mükafatı”dır. 2019-cu ildən 19 ölkədən 19 şəxsə təqdim olunan bu nüfuzlu beynəlxalq mükafata layiq görülən dövlət və ictimai-siyasi xadimlərin sırasında Roma Papası Fransisk, BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və xanımı kraliça Raniyə Əl Abdullah, Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib, Barbadosun Baş naziri Mia Amor Mottley və digər nüfuzlu şəxslər var.

Bu baxımdan Azərbaycan Prezidentinin sadalanan liderlərin və dünya xadimlərinin cərgəsində yer alması, həqiqətən də, qürurverici amil olmaqla bərabər, möhtəşəm uğur kimi qəbul edilir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Chosen
18
9
veteninfo.az

10Sources