EN

“Moskva” kreyseri raketlə vurulub, 20 nəfər həlak olub... Rusiya ilk dəfə etiraf etdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi 2022-ci ilin aprelində Qara dənizdə batan “Moskva” raket kreyserinin Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində sıradan çıxarıldığını faktiki olaraq etiraf edib.

“AzPolitika” bildirir ki, bu barədə “Mediazona” nəşri məhkəmənin sonradan silinmiş rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, məhkəmə Ukrayna Hərbi Dəniz Qüvvələrinin 406-cı artilleriya briqadasının komandiri Andrey Şubini qiyabi olaraq “beynəlxalq terrorçuluq” maddəsi ilə ömürlük həbs cəzasına məhkum edib.

Rusiya istintaqının versiyasına əsasən, Şubin Qara dənizdə, Zmeyini adası yaxınlığında “Moskva” kreyserinə, eləcə də həmin ay daha əvvəl hücuma məruz qalmış “Admiral Essen” freqatına raket zərbələrinin endirilməsi əmrini verib.

Məhkəmə qərarı ilə Ukrayna hərbçisindən 2,2 milyard rubl məbləğində təzminatın tutulması da qərara alınıb.

İlk dəfə olaraq rəsmi səviyyədə etiraf olunub ki, “Moskva” kreyseri raket zərbəsi nəticəsində zədələnib. Sənəddə bildirilir ki, partlayış, yanğın və tüstü nəticəsində kreyserin 20 ekipaj üzvü həlak olub, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, daha 8 nəfər isə, o cümlədən gəminin üzmə qabiliyyətinin qorunması üçün aparılan bir neçə saatlıq əməliyyatlar zamanı itkin düşüb. “Admiral Essen” freqatına hücum zamanı isə bir hərbçinin yaralandığı qeyd olunur.

Qeyd edək ki, Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyseri Ukraynaya qarşı müharibədə iştirak edib. Ukrayna hərbi rəhbərliyi və ABŞ Müdafiə Nazirliyi 2022-ci ilin yazında gəminin Ukrayna raketləri ilə vurulduğunu açıqlasa da, Rusiya tərəfi uzun müddət bunu inkar edərək, kreyserin yanğın və sursatın detonasiyası nəticəsində batdığını iddia edib.

Rusiya Müdafiə Nazirliyi ilkin olaraq ekipajın tam şəkildə təxliyə edildiyini bildirmişdi. Daha sonra isə 27 hərbçinin itkin düşdüyü açıqlanmışdı. 2022-ci ilin noyabrında işğal altındakı Sevastopolda məhkəmə 17 dənizçini rəsmi olaraq ölü elan etmişdi. Həlak olanlar arasında müddətli hərbi xidmət keçənlərin də olduğu bildirilirdi. İndiyədək “Moskva” kreyserində ölənlərin dəqiq rəsmi sayı açıqlanmayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources