Bakı, 23 yanvar, AZƏRTAC
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, milyarder İlon Maskın sözlərinə görə, beş ildən sonra süni intellekt (AI) zəka baxımından bütün bəşəriyyəti geridə qoyacaq.
AZƏRTAC xarici mediaya istinada xəbər verir ki, Davosda Ümumdünya İqtisadi Forumundakı çıxışı zamanı Mask əlavə edib: “Süni intellektin inkişaf tempi elədir ki, zənnimcə, AI gələn ilin sonundan gec olmayaraq istənilən insandan daha bilikli ola bilər”.
Gələcəyə nikbin baxan milyarder robotların və süni intellektin insan ehtiyaclarını ödəyə biləcəyi bir dünyanı təsvir edərək deyib: “Gələcəyimiz üçün müsbət bir ssenarini nəzərə alsaq, insan ehtiyaclarını ödəyə biləcək qədər çox robot və süni intellekt sistemi istehsal edəcəyik. Əminəm ki, robotlar insanlardan çox olacaq; demək olar ki, hər kəs robota sahib olacaq və ya onu əldə etmək istəyəcək. Mən çox nikbinəm; hər kəs üçün bol malları və xidmətlərin olacağı gələcəyi görürəm”.
Mask bəyan edib ki, “Tesla” şirkətinin “Optimus” humanoid robotları gələn ilin sonuna qədər satışa çıxarılacaq. O əlavə edib: “Humanoid robototexnika çox sürətlə inkişaf edəcək. Artıq fabrikdə sadə tapşırıqları yerinə yetirən “Optimus” robotlarımız var. İnanıram ki, bu ilin sonuna qədər onlar daha mürəkkəb tapşırıqları yerinə yetirəcək, lakin bu humanoid robotlar daha çox sənaye şəraitində istifadə olunacaq. Gələn ilin sonuna yaxın biz onları satışa çıxaracağıq. Bu, etibarlılıq səviyyəsinin, təhlükəsizliyin çox yüksək və funksionallıq diapazonunun geniş olduğuna əmin olduğumuz zaman baş verəcək”.
Amerikalı milyarder bildirib ki, süni intellekt və robototexnikanın qlobal miqyasda sərbəst yayılması misli görünməmiş iqtisadi artımı təmin edə bilər. “Əgər hər yerdə mövcud olan, sərbəst və eyni dərəcədə geniş yayılmış süni intellektimiz varsa, onda həqiqətən görünməmiş qlobal iqtisadi partlayışın şahidi olacağıq”, - deyə o bildirib.
Mask əmin edib ki, insanın qocalması problemi də həll edilə bilər. O deyib: “Qocalmanın səbəbini başa düşdüyümüz zaman, - onun qarşısını almaq çox yaxşı bir şey olmasa da, - bu məsələnin həllinin inanılmaz dərəcədə aydın olduğunu görəcəyik. Ömrün qısa olmasının səbəbləri qismən aradan qaldırıla bilər”.