EN

Saçı nə qədər tez-tez yumaq lazımdır?- Dermatoloq aydınlıq gətirdi

Bir çox insan saçını yuduqdan cəmi bir gün sonra yenidən yağlandığını görür. Belə hallarda tez-tez şampuna əl atmaq adi haldır. Bəs doğrudanmı hər gün saç yumaq düzgün yanaşmadır?

AzPost bu barədə  “USA Today” nəşrinə istinadla xəbər verir.

Saçı əslində nə qədər tez-tez yumaq lazımdır?

UT Southwestern Medical Center-in dermatologiya professoru doktor Hizer V. Hoffun sözlərinə görə, saçın tez-tez yuyulması quruluq, qırılma və ucların haçalanmasına səbəb ola bilər. Bunun səbəbi sadədir: şampun çirklə birlikdə saç və baş dərisini qoruyan təbii piy qatını – sebumu da yuyub aparır.

Mütəxəssislər bildirir ki, hamı üçün keçərli olan vahid qayda yoxdur. Saçın yuyulma tezliyi fiziki aktivlik səviyyəsindən, saç üçün istifadə olunan vasitələrdən və ən əsası, saç tipindən asılıdır.

Saç tipinə görə tövsiyələr

Qıvrım və dalğalı saçlar adətən daha quru və kövrək olur. Bu səbəbdən onları həftədə bir dəfədən çox, bəzi hallarda isə iki həftədə bir dəfə yumaq kifayət edir.

Nazik telli saçlar isə daha tez yağlanır. Belə saçlar üçün optimal variant hər 2–3 gündən bir yumaqdır. Həftədə bir dəfədən də az yuyulduqda baş dərisində kəpək və digər problemlər yarana bilər.

Saçı hər gün yumaq olarmı?

Dermatoloqlar imkan daxilində gündəlik saç yumaqdan çəkinməyi tövsiyə edir. Saç əsasən keratindən ibarət olsa da, daimi olaraq təbii piy qatından məhrum edildikdə zəifləyir. Nəticədə quruluq, qaşınma və qırılma, xüsusilə də saç uclarında yaranır. Mütəxəssislər bunu hər gün yuyulan cins şalvarla müqayisə edir: zamanla parça köhnəlir və zəifləyir.

Saç niyə tez yağlanır?

Əksər hallarda bunun səbəbi genetikadır. Piy vəzilərinin aktivliyi androgen hormonları ilə əlaqəlidir və bu hormonların səviyyəsi yetkinlik dövründən sonra artır. Buna görə bəzi insanlarda saç tez yağlanır, üz dərisi isə sızanaqlara meyilli olur.

Belə hallarda saçın tez-tez yuyulması əvəzinə quru şampundan istifadə etmək olar. Lakin əsas yuma zamanı bütün vasitə qalıqlarının yaxşıca təmizlənməsi vacibdir.

Saç yumaq tökülməyə səbəb olurmu?

Mütəxəssislər bildirir ki, saç yumaq keçəlliyə səbəb olmur. Yuma zamanı tökülən saçlar artıq böyümə mərhələsinin sonuna çatmış tellərdir. Normalda insan gündəlik olaraq 50–100 saç teli itirir. Güclü saç tökülməsi adətən stress və ya hormonal dəyişikliklərlə bağlı olur. Problem uzun müddət davam edərsə, dermatoloqa müraciət etmək tövsiyə olunur.

Faydalı məsləhətlər

Şampun yalnız baş dərisinə və saç köklərinə tətbiq edilməli, kondisioner isə saçın uzunluğu və uclarına çəkilməlidir. Baş dərisində davamlı qaşınma, qızartı və ya qabıqlanma müşahidə olunarsa, vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır. Bu hallar dermatit və ya psoriaz kimi problemlərin əlaməti ola bilər.

AzPost.az

Chosen
15
1
azpost.info

2Sources