“Blumberq” məlumat yayıb ki, ABŞ təxminən 260 milyon dollar borcunu ödəmədən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesini başa çatdırıb.
Məlumata görə, may ayında Ümumdünya Səhiyyə Assambleyası bu məsələnin həlli üçün hüquqi variantları müzakirə etməyi planlaşdırır:
“Vaşinqton təşkilatın maliyyələşdirilməsini tamamilə dayandırıb, nümayəndələrini geri çağırıb, lakin onunla əlaqəli işçi qruplarında iştirakını saxlayıb”.
Qeyd edək ki, ötən il ABŞ Prezidenti Donald Tramp ölkəsinin ÜST-dən çıxması barədə sərəncam imzalayıb. Bu qərarını isə digər ölkələrlə müqayisədə qeyri-bərabər dərəcədə yüksək üzvlük haqları ilə əsaslandırıb.
ABŞ növbəti mərhələdə BMT-ni tərk edəcək, yoxsa Vaşinqton bu yolla BMT-ni reform etmək üçün təhdid ritorikasından istifadə edir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Donald Tramp 2025-ci il yanvarın 20-də ikinci dəfə prezident postuna əyləşdikdən dərhal sonra bir sıra beynəlxalq təşkilatlardan və sazişlərdən çıxma əmri imzalayıb:
“Bunlardan ən məşhurları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrası ilə əlaqədar 2015-ci ildə imzalanmış Paris İqlim Sazişi idi.
Bu, Trampın ilk prezidentliyi dövründə də etdiyi addımın təkrarı idi. 2017-2021-ci illərdə ABŞ-nin ÜST-dən və Paris İqlim Sazişindən çıxma cəhdi olmuş, Biden dövründə müvafiq üzvlük bərpa olunmuşdu. 2026-cı ilin əvvəllərində Tramp administrasiyası daha genişmiqyaslı çıxış planını rəsmiləşdirib. ABŞ 66 beynəlxalq təşkilat və müqavilədən çıxacaq ki, bunlardan 31-i BMT ilə bağlıdır. Onların arasında BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının özü, gender bərabərliyi üzrə orqan, BMT-nin Demokratiya Fondu, Sülhyaratma Komissiyası və s. xüsusilə qeyd oluna bilər.
Tramp administrasiyası bu çıxışları əsaslandırmaq üçün “ABŞ maraqlarına uyğun olmayan, səmərəsiz və sui-istifadəyə açıq” qurumlar kimi təqdim edir. Məqsəd ABŞ-nun milli maraqlar çərçivəsində öz prioritetlərinə fokuslanmasıdır.
Ötən il həm də USAİD-in bağlanmasını müvafiq sui-istifadə hallarının aradan qaldırılması istiqamətində atılan ilkin addımlardan biri kimi dəyərləndirə bilərik. Bu orqan ölkəmizdə də bir çox anti-Azərbaycan layihələrini maliyyələşdirir, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə zərbə vururdu.
Beləliklə, Tramp dövründə ABŞ xarici siyasətində milli maraqların prioritetləşdirilməsinə şahid olmaqdayıq. Məhz bu maraqlar ABŞ-ni Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyası hazırlamağa sövq etdi”.
Şərhçinin sözlərinə görə, qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlardan və sazişlərdən çıxış qaydaları var və onlara mütləq riayət olunmalıdır:
“Məsələn, ÜST-dən çıxış proseduru tamamlanmadan iştirakı dondurmaq hələ o demək deyil ki, illik üzvlük ödənişləri edilməməlidir. ABŞ isə 260 milyon dollarlıq üzvlük ödənişini etmədən təşkilatdan çıxma prosesini tamamlayıb. Beləliklə, biz bir daha beynəlxalq hüquqi normaların, prosedurların yeni dövrdə kağız üzərində qalmaqda olduğunu görürük.
Bu, beynəlxalq institutlara olan inamı zəiflədir, beynəlxalq standartların və qərarların təsir gücünü, beynəlxalq sistemə inam və etibarı azaldır. Beləliklə, dünyanın bir nömrəli ölkəsinin bu cür davranışı dünya miqyasında bənzər davranışları təşviq edə, beynəlxalq təşkilatlardan kütləvi çıxış siyasətini stimullaşdıra bilər” – deyə Ş. Cəlilzadə bildirib.
Atilla Rzasoy