EN

Nazir müavini: Enerji mənbələrinin şaxələndirilməsi çox vacibdir VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Bu gün dünyada ənənəvi enerji mənbələri kifayət qədər çox deyil və buna görə də alternativ, fərqli enerji mənbələrinə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq sırf qalıq – neft, qaz, daş kömür yanacaqları hesabına bu tələbatı qarşılamaq mümkün deyil.

“Tələbat artır və bu artım enerji təhlükəsizliyi nöqteyi-nəzərindən də ciddi əhəmiyyət kəsb edir. Bu baxımdan enerji mənbələrinin şaxələndirilməsi çox vacibdir. Çünki neft, qaz hər yerdə yoxdur, amma Günəş və külək demək olar ki, hər yerdə mövcuddur. Digər mühüm səbəb isə atmosferə buraxılan istixana qazlarıdır ki, bunlar Yer kürəsinin temperaturunu artıq təxminən 1,5 dərəcə artırıb. Bunun daha da artması faciəvi nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, sənaye sahəsində də oxşar problemlər var. Məsələn, polad və ya dəmir sənayesində elektrik enerjisindən istifadə mümkündür, lakin hazırda mövcud olan texnologiyalar qazın və ya daş kömürün yaratdığı yüksək temperaturu tam şəkildə əvəz edə bilmir. Buna görə də bu sahələrdə hələlik ənənəvi yanacaqlara ehtiyac qalır”,- deyə o bildirib.

E.Soltanov əlavə edib ki, təmiz enerji ilə bağlı əsas məsələ maliyyə resurslarına olan ehtiyacdır: "Hesab edirəm ki, bizim region və İqtisadi Əməkdaşlıq Təşkilatı bu proseslərə ciddi təkan verə bilər. Hazırda Azərbaycanda təxminən 15 milyard kubmetr qaz istifadə olunur və bunun təxminən üçdə biri elektrik enerjisinin istehsalına sərf edilir. Yəni biz təqribən 5 milyard kubmetr qazı sırf elektrik enerjisinin istehsalına yönəldirik ki, bu da bəzi Avropa ölkələrinin illik ümumi qaz istehlakından daha çoxdur. Elektrik enerjisi sahəsində “yaşıllaşma” o qədər də çətin deyil, çünki texnologiyalar mövcuddur. Lakin əsas problem enerji saxlanma sistemləridir. Bu sistemlər çox bahalıdır və batareyalar olmadan tam şəkildə Günəş və külək enerjisinə keçid mümkün deyil”.

Chosen
104
2
azertag.az

5Sources