ABŞ Prezidenti Donald Tramp qlobal münaqişələri həll etmək iddiası ilə başlatdığı "Sülh Şurası" (Board of Peace) təşəbbüsü üçün Kanadaya etdiyi dəvəti, Kanadanın Baş naziri Mark Karni ilə yaşadığı gərginlikdən sonra ləğv etdi.
"Cebheinfo.az" xəbər verir ki, Tramp bu qərarını "Truth Social" sosial media platforması vasitəsilə sərt bir dillə elan edib.
Davosdakı Dünya İqtisadi Forumunda (2026) yaşanan gərginlik, Kanada Baş naziri Mark Karninin mövcud dünya nizamındakı "qopmanı" və ABŞ-nin aqressiv mövqeyini tənqid edən çıxışı ilə daha da kəskinləşib.
Tramp Karninin bu açıqlamalarına belə cavab verib: "Kanada Amerika Birləşmiş Ştatları sayəsində yaşayır. Mark, növbəti dəfə açıqlama verərkən bunu unutma".
Cümə axşamı yaydığı mesajda isə Tramp "Bu məktub Sülh Şurasının Kanadanın iştirakı ilə bağlı dəvətini geri çəkdiyini təmsil etsin" ifadələrini işlədərək, Kanadanı bu yeni qurumdan kənarda qoyduğunu açıqlayıb.
Trampın "ABŞ sayəsində yaşayırsınız" çıxışına cavab verən Karni isə "Kanada ABŞ sayəsində yaşamır; biz kanadalı olduğumuz üçün inkişaf edirik" deyərək ölkəsinin suverenliyini vurğulayıb.
Qeyd edək ki, Kanada tərəfi onsuz da Trampın qurduğu bu yeni strukturun BMT-ni əvəz edib-etməyəcəyi və maliyyələşmə detalları ilə bağlı qeyri-müəyyənliklər səbəbindən məsafəli mövqe nümayiş etdirirdi.