Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü “məhsuldar və məzmunlu” adlandırıb. O bildirib ki, sülh planı ilə bağlı sənədlər tam hazır vəziyyətə gətirilib və danışıqlar zamanı Ukrayna üçün vacib olan hava hücumundan müdafiə sistemlərinin tədarükü də müzakirə olunub.
Liderlərin, o cümlədən ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin dünənki görüşlərinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə sona çatdırılmasında faydası olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin və özünün son 4-5 ay ərzində həm Ukrayna, həm də Rusiya tərəfi ilə keçirdiyi görüşlər hər iki tərəf və bütün maraqlı qüvvələr tərəfindən məhsuldar görüşlər kimi səciyyələndirilir:

"Görüşlərin məhsuldar olmasının səbəbi ondan ibarətdir ki, müzakirələrdə ortaq məxrəcə gəlinir və fikir ayrılığı daha az olur. Amma konseptual və əsas məzmunlu məsələlərdə Rusiya və Ukrayna arasında ciddi fikir ayrılığı mövcuddur və tərəflər hələ müharibəni dayandırmaq niyyətində deyillər, davam etdirmək niyyətindədirlər. Ona görə də belə çıxışların əsas səbəbi ABŞ-nin xoşuna gəlməkdir; hər iki tərəf bunu bilir. Onlar yaxşı başa düşürlər ki, açıq müstəvidə Trampla və ABŞ nümayəndələri ilə bağlı kəskin bəyanatlar vermək ABŞ-ın sərt mövqeyi ilə nəticələnə bilər. Bu səbəbdən bütün tərəflər arasında mülayim açıqlamalar verilir. Görüşlər aylardır davam edir, amma fakt odur ki, bu, elə bir müharibədir ki, bir gündə nəticə əldə etmək çox çətindir. Buna görə də təbii bir prosesdir ki, danışıqlar hələ də gedir. Danışıqların məzmunu ilə bağlı artıq müəyyən yaxınlaşmalar var, amma məsələyə tam olaraq nöqtə qoymaq hələ tezdir".
Nuriyyə NATİQQIZI