EN

AFFA rəsmisi: Çempionatın ikinci hissəsində rəqabət son turlara qədər davam edəcək

Bakı, 23 yanvar, AZƏRTAC

Birinci dövrə kifayət qədər maraqlı və gərgin keçdi. İnanırıq ki, ikinci hissədə də bunun davamının şahidi olacağıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bu gün Misli Premyer Liqasında start götürəcək ikinci dövrənin ilk tur oyunları barədə danışarkən deyib.

Mütəxəssis XVII turun açılış matçı olan “İmişli” – “Araz-Naxçıvan” qarşılaşmasının xüsusi maraq doğurduğunu deyib: “Araz-Naxçıvan”da yeni baş məşqçinin gəlişi ilə müəyyən dəyişikliklər baş verib və bu da oyuna əlavə maraq qatır. Bu qarşılaşmanı izləmək hər birimiz üçün maraqlı olacaq. “İmişli” hər zaman kollektiv oyunu ilə seçilib. Çempionatın ilk hissəsində də özünü mübariz, intizamlı və son dəqiqəyə qədər savaşan komanda kimi göstərdi. Hər bir rəqibə qarşı sona qədər mübarizə aparmağı bacarırlar. Naxçıvan təmsilçisində isə hədəfi açıq-aydındır. Onlar da avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Avropaya yollanmaq uğrunda bir-biri ilə yarışan komandalar hər matçda xal itkisindən qaçmağa çalışırlar. Bugünkü qarşılaşmada da hər iki tərəf maksimum nəticə əldə etmək üçün bütün gücünü ortaya qoyacaq”.

AFFA rəsmisi “Zirə” – “Neftçi” görüşünü də turun ən diqqətçəkən qarşılaşmalarından biri kimi qiymətləndirib: “Günün ən maraqlı və azarkeşlər üçün böyük maraq doğuran oyunlarından biri olacaq. Hər iki komanda mövsümün birinci hissəsində həm kubok, həm də çempionat matçlarında bir-biri ilə üz-üzə gəlib və fərqli nəticələr qeydə alınıb. “Neftçi” yeni baş məşqçinin rəhbərliyi altında ikinci dövrənin ilk görüşünə çıxacaq. Komanda güclü rəqibə qarşı qış fasiləsində görülən işlərin nəticəsini göstərmək və müsbət nəticə qazanmaq üçün bütün gücünü ortaya qoymağa çalışacaq. Biz hər zaman vurğulamışıq ki, “Neftçi”nin yenidən əvvəlki əzəmətini qaytarmasını gözləyirik. Bu komanda daim yüksək yerlər uğrunda mübarizə aparmalı və öz azarkeşlərini sevindirməlidir”.

O bildirib ki, xüsusilə də çempionatın ikinci dövrəsinin ilk oyununda hər iki komanda xal itkisinə yol verməmək üçün ehtiyatlı oynamaqdan çox, bütün gücünü ortaya qoymağa çalışacaq: “Məqsəd bəllidir – maksimum nəticə, yəni xal qazanmaq. “Zirə” son vaxtlar iddialı olduğunu hər oyunda sübut etməyi bacarır. Hamıya bəllidir ki, “Neftçi” həmişə iddialı, hədəfləri böyük olan klubdur. Qələbə qazanmaqla həm mövsümün ikinci yarısına uğurlu start vermək, həm də bu iddianı bir daha sübut etmək niyyətindədir. Komanda çempionatda mövqeyini möhkəmləndirmək, Avropaya vəsiqə uğrunda mübarizədə iddiasını davam etdirmək istəyir”.

V.Sadıqov çempionluq mübarizəsinə də toxunaraq qeyd edib ki, bu mövsüm rəqabət son turlara qədər davam edəcək: “Lider “Sabah” təsadüfən qış çempionu olmayıb. Bu komanda öz gücünü göstərməyi bacarıb və son illərdə görülən işlərin bəhrəsini artıq görür. Hədəfləri hər zaman böyükdür, iddiası isə hər kəsə bəllidir. Mən hesab edirəm ki, çempionluq uğrunda mübarizə aparacaq komandaları sadalayarkən “Qarabağ”dan sonra “Sabah”ın adını çəkmək lazımdır. Elə buna görə də çempionatın ikinci hissəsində rəqabət dolu oyunların şahidi olacağıq. Əvvəlki mövsümlərdə biz adətən “Qarabağ”ı bir neçə tur öncə çempion kimi görməyə öyrəşmişdik. Ancaq düşünürəm ki, bu dəfə fərqli mənzərə ilə qarşılaşacağıq. Çempionluq uğrunda mübarizə son turlara qədər davam edəcək və komandalar arasında ciddi rəqabət olacaq. Yəni, komandalar mümkün qədər müsbət nəticələr əldə etməyə çalışacaqlar. Bizi çempionatın ikinci dövrəsində olduqca maraqlı oyunlar gözləyir və ilk turlar artıq bunun bariz nümunəsi olacaq. Hazırlıq dövründən sonra demək olar ki, bütün komandaların şansları bərabərləşib. Arzum odur ki, ədalətli oyunda güclü olan qalib gəlsin. Ən əsası isə bu matçlardan ümumilikdə Azərbaycan futbolu faydalansın”.

 

Chosen
105
azertag.az

1Sources