Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ucar rayonunda vətəndaşlarla görüşüb.
Bu barədə Publika.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, Agentlik sədri vətəndaşların müraciətlərini dinləyib Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvarın 23-də Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.