EN

Sahibkarın pulu var, xərcləyə bilmir: POS terminal paradoksu

Azərbaycanda POS terminaldan istifadənin sahibkarlar üçün faktiki olaraq məcburi xarakter alması bazarda yeni və ciddi bir tendensiya yaradıb. Artıq bir çox mağaza və xidmət obyektində nağd ödənişlə POS terminal vasitəsilə kart ödənişi arasında qiymət fərqi formalaşıb. Müşahidələrə görə, eyni məhsul nağd alındıqda bir qiymətə, kartla ödəndikdə isə təxminən 5 faiz baha təqdim olunur. Məsələn, məhsulun real dəyəri 100 manatdırsa, nağd ödəniş zamanı 100 manat, POS terminal vasitəsilə kartla ödəniş zamanı isə 105 manat tələb edilir.

Bu prosesin əsas səbəbi bankların POS terminal əməliyyatları üzrə tətbiq etdiyi yüksək komissiya haqları ilə əlaqələndirilir. Sahibkarlar bildirirlər ki, banklar bu sahədə komissiyaları azaltmaq əvəzinə, əksinə, artırır. QR ödəniş sistemləri tətbiq olunsa da, bəzi banklar bu üsul üzrə endirimlər etsə də, bir çox bank əvvəlki komissiya dərəcələrini saxlayır. Nəticədə sahibkarın qazancı bir tərəfdən bank komissiyaları vasitəsilə azaldılır, digər tərəfdən isə bu yük məcburən məhsul və xidmətlərin qiymətinə əlavə olunur. Bu isə bazarda süni qiymət artımına və inflyasiyaya səbəb olur.

Sahibkarların qarşılaşdığı başqa bir ciddi problem isə POS terminal vasitəsilə əldə olunan vəsaitin nağdlaşdırılması ilə bağlıdır. Məsələn, POS terminaldan aylıq 40-50 min manatlıq satış həyata keçirilsə belə, həmin məbləğin yalnız 10-15 min manatını nağd şəkildə çıxarmaq mümkün olur. Halbuki real bazar münasibətlərində hər məhsul və xidmət köçürmə ilə alına bilmir və nağd vəsaitə ehtiyac qalır. Bu vəziyyət sahibkarları paradoksal duruma salır: hesablarında on minlərlə manat vəsait olduğu halda, real ödəniş edə bilmədikləri üçün borc pul axtarmağa məcbur qalırlar. Balansda 30-40 min manat vəsait olduğu halda, gündəlik tədarük və ya xərclər üçün kənardan borc almaq faktiki olaraq sistemin qeyri-funksional olduğunu göstərir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan  “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov qeyd edib, POS terminaldan istifadənin məcburi tətbiqi özü-özlüyündə qanunvericiliyə zidd deyil, lakin bu mexanizmin bazarda qiymət diskriminasiyasına səbəb olması ciddi hüquqi risklər yaradır:

“Eyni məhsula görə fərqli ödəniş vasitəsinə əsasən fərqli qiymət tətbiqi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər və bu, həm istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, həm də rəqabət mühitinə ziddir. Bank komissiyalarının dolayı yolla istehlakçının üzərinə ötürülməsi hüquqi baxımdan dolayısı ilə iqtisadi məcburetmə mexanizmi yaradır və bu, dövlət tənzimləməsinin zəruriliyini ortaya qoyur”.

Məsələni iqtisadçı ekspertlə də dəyərləndirdik. Ekspert Əkrəm Həsənovun NOCOMMENT.az-a bildirdiyinə görə, mövcud vəziyyət davam edərsə, bu sistem təkcə sahibkarlara deyil, ümumilikdə bazar iqtisadiyyatına zərər vuracaq:

“Qiymət artımı dərinləşəcək, nağd dövriyyə sıxışdırılacaq, qeyri-rəsmi ödəniş mexanizmləri yenidən aktuallaşacaq və nəticədə həm şəffaflıq, həm də iqtisadi sabitlik pozulacaq. Bu problemin həlli üçün bank komissiyalarının tənzimlənməsi, POS və QR ödənişlər üzrə vahid və aşağı faiz mexanizminin tətbiqi, eləcə də sahibkarların və istehlakçıların maraqlarını balanslaşdıran hüquqi mexanizmlərin yaradılması zəruridir”.

Ekspertin sözlərinə görə, POS terminal sisteminin mövcud tətbiq forması bazarda real iqtisadi rahatlıq yaratmaq əvəzinə, qiymət artımı, süni inflyasiya, nağd vəsait çatışmazlığı və sahibkarların maliyyə blokadası kimi ciddi problemlər formalaşdırır və bu proses artıq təkcə iqtisadi yox, hüquqi və sosial problem səviyyəsinə yüksəlmiş vəziyyətdədir.

Sara

Chosen
88
nocomment.az

1Sources