İran prezidenti Məsud Pezeşkian və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Vətəninfo.az xəbər verir ki, danışıqlar zamanı, Pezeşkian İranda baş verən son hadisələrin mahiyyətini izah edərək, ABŞ və İsraili etirazları dəstəkləməkdə ittiham edib. O, milyonlarla iranlının hadisə yerində iştirakının, bu ssenarilərin qarşısını almağa kömək etdiyini bildirib. Pezeşkian həmçinin vurğulayıb ki, “İslam ümmətinin düşmənləri bölgədə daxili böhranlar yaradaraq terror və qeyri-sabitliyi yaymaq istəyirlər.” Prezident əlavə edib ki, İslam ölkələrinin birliyi və həmrəyliyi, bölgədə davamlı sülh və təhlükəsizliyi təmin edəcək.
Ərdoğan isə, İranın etirazların idarə edilməsindəki “prinsipial və strukturlaşdırılmış yanaşmasını” təqdir edib. O, İranın sülhü, sabitliyi və təhlükəsizliyinin Türkiyə üçün strateji və həyati əhəmiyyət kəsb etdiyini qeyd edib: “İrana qarşı müdaxiləçi ssenariləri rədd edirik.”
Telefon danışığı zamanı, prezidentlər ikitərəfli münasibətləri daha da inkişaf etdirmək istəyini ifadə edərək, yaxın vaxtlarda Əməkdaşlıq üzrə Ali Şuranın doqquncu iclasının Tehranda keçirilməsi barədə razılığa gəliblər.