EN

Aysel Yaqubova: TEM-in məqsədi milli və regional yaşıl enerji layihələri üçün əlavə imkanlar yaratmaqdır

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (TEM) arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Saziş mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsini, nizamnaməyə uyğun olaraq hüquqi statusunu, imtiyazlarını müəyyən edir, eləcə də ev sahibi ölkə ilə münasibətləri tənzimləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İƏT Təmiz Enerji Mərkəzinin (TEM) icraçı direktoru Aysel Yaqubova deyib.

Onun sözlərinə görə, TEM milli və regional səviyyədə dayanıqlı enerji, enerji keçidi və enerji səmərəliliyi layihələrinin təşviqi və əlaqələndirilməsi üçün mühüm platforma rolunu oynayır.

“Qurumun fəaliyyəti Azərbaycanda icra olunan milli və regional yaşıl enerji layihələri üçün əlavə imkanlar yaratmaqla yanaşı, ölkəmizin regional enerji proseslərində, o cümlədən Mərkəzi Asiya ilə enerji bağlantılarının qurulması istiqamətində rolunun daha da möhkəmlənməsinə xidmət edəcək. 2021-ci ilin 27 noyabr tarixində Aşqabad şəhərində keçirilmiş İƏT-in Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında İƏT Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul olunub və Azərbaycan TEM-ə evsahibliyi edəcək ölkə seçilib. Bu gün iqlim ilə əlaqəli problemlər qlobal miqyasda olsa da, bu istiqamətdə həllər regional, innovativ və istifadəyə yönəlik ola bilər”, - deyə A.Yaqubova vurğulayıb.

Aysel Yaqubovanın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) qlobal davamlı enerji mərkəzləri şəbəkəsinin (GNSEC) bir hissəsi kimi, Təmiz Enerji Mərkəzinin missiyası region boyunca bərpaolunan enerjiyə keçidi və davamlı sənaye inkişafını dəstəkləmək üçün bilik, texnologiya və regional əməkdaşlığı səfərbər etməkdir: “Təmiz Enerji Günü münasibətilə İƏT TEM Təmiz Enerji Hakaton 2026-ya start verilib. Ümid edirik ki, bu, regiondan olan gənc innovatorlar üçün real enerji problemlərini həll edən rəqəmsal və məlumat əsaslı həlləri inkişaf etdirmək üçün platforma olacaq”.

Chosen
123
1
azertag.az

2Sources