EN

QHT sədri: Küçə ticarəti aradan qaldırılmalıdır

"Küçə ticarəti yaxşı bir hal deyil və ümumiyyətlə müsbət qarşılanmamalıdır. Vaxtilə vağzal ətrafları, xüsusilə dəmir yolu və avtovağzallarının ətrafı həddindən artıq səliqəsiz və biabırçı vəziyyətdə idi. Küçədə hər cür məhsul – ət, balıq və digər ərzaqlar satılırdı. Eyni vəziyyət bir vaxtlar Tbilisi vağzalında da mövcud idi. Lakin zaman keçdikcə orada vəziyyət düzəldi, yəni yaxşı olmayan vəziyyət tədricən aradan qaldırıldı".

QHT.az xəbər verir ki, bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, burada insan öz-özünə sual verir: küçə ticarəti nə üçün mövcuddur? Ümumiyyətlə, niyə yaranır? Cavab sadədir: tələb var, tələb olduğu yerdə isə təklif meydana çıxır. Mallar gətirilir və küçədə satılır. Sumqayıtda baş verən hadisələrə nəzər salsaq, bu barədə Sumqayıt şöbəsindən də məlumat almışam. Orada əsas məqsəd heç də küçə ticarətini qorumaq deyil. Məqsəd Sumqayıtı daha gözəl bir şəhərə çevirməkdir. Lakin burada bazar amili və bazar müdiriyyətinin təsiri də az deyil. İnsanları küçədən uzaqlaşdırıb bazara yönəltmək düzgün olar və biz də istəyirik ki, küçə ticarəti olmasın, satışlar yalnız bazarlarda həyata keçirilsin:

"Verilən məlumatlara görə, bazarlarda yerlərin qiyməti həddindən artıq yüksəkdir. Bu isə qiymətlərin artmasına təsir edir. Nəticədə insanlar məcbur qalaraq küçələrə çıxırlar. Digər bir mühüm məqam da odur ki, küçədə satış edənlərin əksəriyyəti məhsulu istehsal edən şəxslər deyil. Burada üçüncü bir tərəf – alverçi amili mövcuddur. Yəni istehsalçı və istehlakçıdan başqa, bazarın üçüncü subyekti olan vasitəçilər var. Onlar hansı şəhərdə, hansı ərazidə nəyi satmağın mümkün olduğunu yaxşı bilirlər və bu işlə peşəkar şəkildə məşğul olurlar".

QHT sədri həmçinin bildirib ki, qanunvericiliyə görə, küçə ticarətinin qarşısının alınmasına yerli polis şöbələri cavabdehdir. Lakin reallıqda bu sahədə problemlər mövcuddur. Açıq desək, bəzi hallarda yerli sahə müvəkkillərinin küçə ticarəti ilə məşğul olan şəxsləri himayə etdiyi iddia olunur. Bu himayə müxtəlif səbəblərlə – qohumluq, tanışlıq, tapşırıq və ya digər amillərlə bağlı ola bilər:

"Bakı dünyanın ən gözəl və unikal şəhərlərindən biridir. Biz istəmərik ki, belə bir şəhərdə küçə ticarəti mövcud olsun. Ona görə də bu problemin köklü və qanunauyğun şəkildə həll edilməsi vacibdir".

 

Pərvanə Fərhadqızı

Chosen
68
qht.az

1Sources